Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik prinsipləri əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Ötən dövr ərizində ölkədə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərinin şəffaflığı məhz bu demokratik prinsiplər əsasında baş tutub. Ölkənin ictimai-siyasi həyatı, idarəetmə kimi amillər Azərbaycanda seçkilərin demokratik səviyyədə keçirilməsinə səbəbdir. Bu, bir həqiqətdir ki, ölkəmizdə seçkilər beynəlxalq normalara, eyni zamanda, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının hazırladığı prosedurlara uyğun keçirilir. Ölkəmiz növbəti 5-ci çağırış parlament seçkilərini də uğurla başa vurdu. Dövlət tərəfindən görülən işlərin nəticəsi, seçicilərin bu proseslərdə fəal iştirakı, yerli və əcnəbi müşahidəçilərin missiyalarını lazımi şəkildə reallaşdırması azad, demokratik və şəffaf şəkildə keçirilən seçkilərin bariz nümunəsi idi. Seçkilərin gedişatını izləyən beynəlxalq təsisatlar belə seçki prosesi başa çatdıqdan sonra rəy və təkliflərin səsləndirildiyi zaman azad və şəffaf seçkilərin keçirilməsini vurğulayıblar. Həqiqətən də, ölkəmizdə ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün münbit şərait mövcuddur. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət verib. Avropa İttifaqının Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini bəyan etməsi də ölkə mühitinin real əksidir.
Dünya mətbuatı da Azərbaycanda keçirilən parlament seçkilərini gedişatını diqqətdən kənarda qoymayıb. Verilən xəbərlərdə seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin səsvermədə fəal şəkildə iştirak etdikləri diqqətə çatdırılıb.
Qazaxıstanın "inform.kz", "bnews.kz" xəbər portallarında, Misirin "Əl-Düstur" qəzetində, Küveytdə ərəb dilində nəşr olunan gündəlik "Əl-Ray" və "Əl-Qabas" və başqalarında Azərbaycanda keçirilən parlament seçkiləri barədə məlumatlar yerləşdirilib. Xəbərlərdə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün lazımi şəraitin yaradılmasından, habelə seçkilərin yüksək səviyyədə təşkilindən bəhs olunub. Misir mətbuatı seçki qanunvericiliyinə uyğun keçirilən səsvermədə Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazandığı diqqətə çatdırıb.
Seçkilərdə 22 siyasi partiyanın iştirak etdiyi, 40-dək nüfuzlu beynəlxalq təşkilatdan 503 beynəlxalq müşahidəçi və 66 min yerli müşahidəçi, habelə 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsinin izlədiyi diqqətə çatdırılır. Qeyd edək ki, səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə seçki məntəqələrində veb-kameraların quraşdırılması da parlament seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsinin göstəricilərindəndir.
Küveyt mətbuatında yer alan məqalələrdə parlament seçkilərini izləyən müşahidəçilərin fikirləri oxuculara təqdim olunur və seçkilərin tam demokratik və şəffaf keçdiyi vurğulanır.
İsrailin "89.1FM Birinci radio"sunun baş redaktoru Vlad Zernitski Azərbaycan Respublikasında keçirilən parlament seçkilərində müstəqil müşahidəçi kimi iştirak edib və seçkilərlə bağlı birbaşa efirdə fikirlərin bildirib. Səmimilik və xeyirxahlıq şəraitində keçən seçkilər haqqında danışan Vlad Zernitski Bakıya ilk səfəri olduğunu və Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvətilə parlament seçkilərində müşahidəçi kimi iştirak etdiyini vurğulayıb:"Müşahidəçi kimi altı seçki məntəqəsində oldum. Deyə bilərəm ki, seçkilərin təşkili çox xoşuma gəldi. Hər şey o dərəcədə dürüst və rahat təşkil olunmuşdu ki, məndə heç bir sual yaranmadı. Burada hətta Azərbaycan dilini bilməyən insana da hər şey tam aydın idi. Lakin bu şəraitdə də mənim yanımda tərcüməçi vardı. Mən görürdüm ki, səsverməyə gələn insanların üzündə təbəssüm var, bu insanlar özlərini sərbəst hiss edir, onlara kənardan heç bir təzyiq göstərilmir".
İsrailli müşahidəçi Azərbaycanın seçki qanunvericiliyini də yüksək qiymətləndirib. O, çıxışında ölkəmizdəki mövcud ənənəyə və milli dəyərlər də münasibətini bildirib.
Baş redaktor Azərbaycanı islam aləmində ən dünyəvi, ən azad ölkə olduğunu qeyd edərək, Azərbaycana münasibətdə ABŞ və Qərb tərəfindən ikili standartlar siyasəti yürüdülməsindən təəssüf hissi keçirdiyini də qeyd edib.
Bütün bu və ya digər fikirlər deməyə əsas verir ki, Azərbaycanda seçkilər azad, şəffaf, demokratik və qanunlar çərçivəsində həyata keçirildi və seçkilərdə qalib gələn namizəd, həqiqətən də, xalqın etimad göstərdiyi şəxs oldu.
Nəzakət ƏLƏDDİNQIZI