Müasir dünyanın meyarları, idarə mexanizmi, baxışı bəşər sivilizasiyasilə birgə dəyişir, inkişaf edir. Hadisələrə yanaşılma prizması illər, qərinələr, əsrlər bundan əvvəl olduğu kimi deyil, dünyanın qəbul etdiyi tərzdədir. Bu gün əgər inkişafdan danışırıqsa, deməli, bu məfhumun arxasında gələcək üçün görülən işlər, əməllər dayanır. Yenilik axtarışı, yenilikçiliyə meyil, elm, texnologiyanın inkişafı və siyasi müstəvidə analizlər maraq doğurur.
Belə bir zamanda dünya xətirəsində ərazi baxımından kiçik bir sahəni əhatə edən Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücünü, iqtisadi inkişafını, milli dəyərlərini, tolerant, sülhsevər dövlət olduğundan xəbər verir. Son illər Azərbaycanın dünya mətbuatında siyasi, iqtisadi, mədəni mənzərəsinin işıqlandırılması məhz dövlətimizin artan qüdrətindən və dünyada formalaşdırdığı imicdən irəli gələn amillərdəndir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, inşa olunan yeni, müasir otellərin, binaların, hətta bu günlərdə ölkəmizdə keçirilən parlament seçkilərinin şəffaflığının dünya mətbuatında yer alması artıq ölkəmizin hansı səviyyədə olduğundan xəbər verir. Ölkəmizi gəlib görənlər xalqımızın qonaqpərvərliyindən də söz açır, bu xalqın əsrləri yaşadan tarixi və mədəniyyəti olduğunu dilə gətirirlər.
Sözsüz ki, ölkəmizə mövcud münasibətin əsasında duran faktorlardan biri kimi Azərbaycanın beynəlxalq təşkilatlarla olan əlaqələri də mühüm rol oynayır. Ölkəmizin əməkdaşlıq etdiyi təşkilatlardan - BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO ilə əlaqəsi davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusidir. Bu qədər nadir nümunələr sırasında Azərbaycan kəlağayısının yer alması da qürurvericidir. "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi Azərbaycanın daha bir uğuru, Mehriban Əliyevanın layihələrinin məntiqi nəticəsidir.
Kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycan qədim tarixini özündə yaşadır. Bu günlərdə Özbəkistan KİV-lərində Azərbaycanın "kəlağayı" – qadın baş örtüyü barədə geniş məqalə yayımlanıb.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığilə Özbəkistanın "silkway.uz", "1news.uz" saytlarında "Kelaqai — azerbaydjanskiy nasionalnıy jenskiy qolovnoy ubor" adlı məqalə yayımlanıb. Məqalə müəllifi qeyd edir ki, hər bir xalqın milli geyimində dünyada tanınmış müəyyən elementlər var. Məsələn, baş geyimləri: koreyalı qat, yəhudi təsəyi, Meksika sombrersu, özbək araxçını, Azərbaycan kəlağayısı.
Daha sonra müəllif "kəlağayı" haqqında geniş məlumat verərək yazır ki, "kəlağayı" ipək yaylıq olan baş örtüyünün geniş istifadə olunan növlərindən biri sayılır və Azərbaycanda geniş yayılmışdır. Kəlağayı üçün ən qədim və geniş yayılmış süjet cüt quş təsvirləri - tovuz quşu, ən sevimli bitki motivləri: qızılgül, qərənfil, lalə, zanbaq, güllərdən, süsəngül, nərgiz, meyvələrdən isə nar, heyva və müxtəlif formalı yarpaqların cizgiləri təşkil edir.
Azərbaycan qədim ticarət yolu olan Böyük İpək yolunun üzərində yerləşmiş və ölkəmiz daim ticarət üçün tranzit rolu oynayırdı. Ölkəmizin iqlim şəraitinin burda ipəkqurdu toxumunun yetişdirilməsinə şərait yaratdığını və nəticədə, heç də Çin ipəyindən geri qalmayan Azərbaycan ipəyinin hazırlanmasına imkan verdiyi məqalədə qeyd edilir.
Azərbaycanda ilkin orta əsrlərdə ənənəvi ipək parça emalını mərkəzlərinin formalaşdığını yazan müəllif qeyd edir ki, ölkəmizin Basqal, Gəncə, Şəki və Şirvan şəhərlərində ipək parçaların hazırlanması geniş yayılmışdır.
Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunmuşdur . "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir. Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən nəsillər çoxdur. Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımıza da təsadüf olunur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər. Kəlağayı sanki qadın əzəmətidir, zəriflikdir. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımız və ismətimizdir.
Əsrlərdən bəri qorunub saxlanılan sənət incisinə çox güman ki, çox Azərbaycan ailələrində rast gəlmək olar. Şübpəsiz ki, onu nadir inci kimi, ana və nənələrimizdən qalan əmanət olaraq qoruyan ailələr var. Nəciblik mücəssiməsidir Kəlağayı. Azərbaycana gələn xarici turistlərin bu sənət növünə marağını qeyd etmək də vacibdir. Belə ki, hələ XII-XIII yüzilliklərdə Azərbaycan istehsal olunan ipək məmulatlarilə böyük şöhrət qazanmışdı. Burada hazırlanan müxtəlif çeşidli kəlağayılar xarici bazarlarda və beynəlxalq sərgilərdə yüksək qiymətləndirmişdir.
Azərbaycan mədəniyyəti növlərindən olan "Azərbaycan kəlağayısı sənəti və simvolikası"nın YUNESKO-nun Qeyri-maddi irsin Reprezentativ siyahısına daxil olunması qədim el sənətinə, mədəni irsimizə göstərilən qayğısının bariz nümunəsidir.
Göründüyü kimi, müasir həyatımızda dünyaya inteqrasiya etdiyimiz zamanda milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz diqqətə çəkilir, dövlət tərəfindən ona xüsusi diqqət və qayğı ayrılır. Bu münasibət Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə təsirini göstərməkdədir. Dünya mətbuatında yer alan məqalələr də məhz Azərbaycan həyatının reallıqlarını özündə əks etdirir.
Nəzakət ƏLƏDDİNQIZI