PDF Oxu

Sosial

  • 25

Azərbaycan dünya ölkələri üçün həyati əhəmiyyətli nümunəyə çevrilib

Azərbaycan dünya ölkələri üçün həyati əhəmiyyətli nümunəyə çevrilib

Ölkəmiz sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşamaqla yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələrilə zəngin olan dövlətdir. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrildiyindən bu gün ölkəmiz dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb. Azərbaycanda dövlətin dəstəyilə sinaqoqlar, məscidlər, kilsələr tikilib və bu, davam etməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunur, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir.

Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşaması üçün yaradılan şərait dünya dövlətləri mətbuatının əsas səhifələrində yer alır. Azərbaycan Respublikası Konstitusiyada qeyd olunur ki, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir.

Qələmə alınan məqalələrdə, hazırlanan reportajlarda Azərbaycanda mövcud olan mənzərə, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə dəyərli töhfələrini verən ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini ifadə edir. Bu səmimi etiraflar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, mədəniyyətlərarası dialoqun, humanitar forumun, dünya dinlərinin liderlərinin zirvə görüşlərinin təsirindən qaynaqlanır. İsrailin nüfuzlu "Breaking İsrael News" internet portalında yer alan məqalədə vurğulandığı kimi, Azərbaycanın tarixi tolerantlıq ənənələri, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şərait bütün dünya dövlətləri üçün nümunədir. Son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda islam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə bədbinlik özünü göstərmiş olsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Əlbəttə ki, Azərbaycanda bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb.

Bu günlərdə Amerikada çıxan "Time" jurnalında Sinay məbədinin böyük ravvini Devid Volpun "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir" adlı məqaləsidə də ölkəmizdəki mövcud ənənədən, şəraitdən söz açılır. Məşhur Los-Ancelesin sinaqoqunun rəhbəri bu məqalədə cari ilin noyabr ayında konqreqasiyanın 50 üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən aldığı təəssüratlarını bölüşür. Dünyanın müxtəlif ölkələrində sinaqoqların çoxuna günün istənilən vaxtında getmək mümkün olmadığı halda, Azərbaycanda olan tolerantlıq mühitinin dünya üçün nümunə olduğunu qeyd edir. Ravvin yazır: "Hətta mənim təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın mühafizə işçiləri sinaqoqa gələn maşınların yük yerlərini yoxlayırlar. Lakin bir müsəlman ölkəsində yəhudilər təhlükəsizlik məqsədilə hər hansı yoxlamadan keçmədən rahatca sinaqoqa daxil ola bilərlər. Bu ölkə - Azərbaycandır".

Müəllif yazır ki, Azərbaycanda əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Bu ölkədə başqa azlıqlar kimi, yəhudilər də özlərini bu cəmiyyətin üzvləri kimi hiss edirlər. Ravvin qeyd edir ki, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi bu ölkənin otuz minlik dağ yəhudiləri icmasına Tövrat nüsxəsi hədiyyə etmək idi. D.Volp Azərbaycana səfərindən söz açaraq nümayəndə heyətinin Quba rayonundakı Qırmızı Qəsəbədə olduğunu da oxuculara təqdim edir. Məlumdur ki, Qırmızı Qəsəbədə hazırda 4 minə yaxın yəhudi yaşayır. Beləliklə, Qırmızı Qəsəbə İsrail sərhədlərindən kənarda ən böyük yəhudi kəndlərindən biridir.

Məqalədə İsraillə Azərbaycanın yaxın münasibətlərinin olduğuna da toxunub. Qeyd edilib ki, iki ölkənin rəsmi şəxsləri tez-tez ünsiyyət saxlayır və bu əlaqələr davamlıdır, əhatəlidir. D.Volp sonda qeyd edir ki, dünyada tolerantlığın olmamasının ciddi və get-gedə artan təhlükə olduğunu bildirir. Təbii ki, bu şəraitdə Azərbaycan dünya ölkələri üçün həyati əhəmiyyətli nümunədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər