PDF Oxu

Sosial

  • 41

Ölkə rəhbərliyinin yüksək iradəsi inkişafımızın qarantıdır

Ölkə rəhbərliyinin yüksək iradəsi inkişafımızın qarantıdır

Bu gün Azərbaycan dünyada gərgin proseslərin davam etdiyi bir zamanda həssas bir regionda sabitlik adasıdır. Ölkə rəhbərliyi tərəfindən yürüdülən uzaqgörən və məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan nəinki bütün bu mənfi təsirlərdən kənarda qalır, hətta öz inkişafından da qalmır. Əlbəttə, dünyada baş verən böhran ölkəmizə də təsirsiz qala bilməz. Lakin əsas odur ki, mümkün qədər az mənfi təsirlə böhran girdabından xilas olaq. Elə hər şey də buna doğru irəliləyir. Prezident İlham Əliyevin imzaladığı bu istiqamətə xidmət edən fərman və sərəncamlar neft ölkəsi olan Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə bu asılılıqdan xilas olmasına yönəlib. Xüsusilə də, sahibkarlığın inkişafı ilə bağlı ən yüksək səviyyədə atılan addımlar tezliklə həm dövlətimizin inkişaf səviyyəsində, həm də əhalinin yaşayış meyarlarının yüksəlməsində özünü büruzə verəcəkdir.

Azərbaycanın inkişafına mane olan, iş adamlarını, sahibkarları və ümumilikdə, vətəndaşlarımızı əsassız səbəblər gətirərək incidən MTN əməkdaşlarının ifşası son günlərdə əhali arasında ruh yüksəlişi yaradan hadisələrdən biri oldu. Bu hadisə göstərdi ki, dövlətimizin inkişafı yolunda maneə yaradan qüvvələr kimliyindən asılı olmayaraq, layiqincə öz cəzalarını alacaqlar. Bunun üçün ən yüksək səviyyədə siyasi iradə mövcuddur. Təbii ki, belə həssas məqamlar zamanı xalqın ölkə rəhbərliyi ilə birliyi çox önəmlidir. Düşmən mövqedə dayanan qüvvələr bu cür "əlverişli" imkanlardan istifadə etməyə çalışır. Amma onlar bu dəfə də buna nail ola bilmədilər və görünən də odur ki, bundan sonra da nail ola bilməyəcəklər. Azərbaycanda xalqın öz liderinə inamı sonsuzdur.

Dövlətimizin uğurlarını gözü götürməyən, buna qısqanclıqla yanaşan bəzi xarici dairələrin hərtərəfli dəstəyinə güvənən dağıdıcı müxalifət düşərgəsinin başbilənləri əllərinə düşən ilk imkanda Azərbaycanda qarşıdurmalar yaratmağa cəhd edirlər. Ölkənin milli maraq və mənafelərini satmaqdan belə çəkinməyən bu şəxslərin yalnız bir məqsədi var: öz şəxsi mənafelərini təmin etmək. Həmin xarici maraq dairələrinin göstərişləri ilə "oturub-duran" dağıdıcı müxalifət funksionerlərinin cəmiyyət arasında heç bir dayaqları yoxdur. Qanunverici orqana keçirilən sonuncu seçkilərdə biabırcasına məğlub olan müxalifət düşərgəsi namizədlərinin cüzi səs belə ala bilməməsi onların olan-qalan nüfuzlarının da artıq yox olduğunu sübut etmiş oldu.

Nüfuzlu beynəlxalq təşkilatların və aparıcı dünya dövlətlərinin Azərbaycanda keçirilən parlament seçkilərini dünyaya nümunə göstərməsi ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəinki ölkə daxilində, hətta xarici aləmdə də qəbul olunduğunu göstərmiş oldu. Dövlət başçısı səviyyəsində nümayiş etdirilən yüksək iradə isə Azərbaycanın bundan sonra da inkişaf edəcəyinin qarantıdır.

Tofiq Rəfailoğlu

Digər xəbərlər