PDF Oxu

Sosial

  • 33

Suraxanıda "Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Suraxanıda "Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon icra hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən mühüm məsələlərdən biri də narkomaniyadır: "Artıq "ağ ölüm" kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir".

Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkələrində qeyri-hökumət təşkilatlarının minlərlə proqramlar təşkil etdiyini bildirən B.Barxudarov qəzetlərdə hər gün onlarla məqalənin, xəbərlərin dərc olunduğunu və minlərlə internet saytının mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yaydıqlarını qeyd edib. Lakin bu qədər fəaliyyətə baxmayaraq, narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gün yüzlərlə gənc bu səbəbdən həyatını itirir.

Məhz bu amilləri nəzərə alan ölkə rəhbəri möhtərəm Prezidentimiz Cənab İlham Əliyev "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi haqqında Sərancam imzalamışdır. Bu mühüm Dövlət Proqramının icrası ilə əlaqədar Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsi təşkil edilir.

Keçirilən bütün tədbirlərdə gənclərin diqqətinə çatdırılır ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.

Natiq onu da diqqətə çatdırıb ki, bu il ümumilikdə rayon üzrə 71 fakt aşkar olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət faktlarının sayı az olmuş, lakin müsadirə edilmiş narkotik vasitələrin ümumi çəkisi artmışdır.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvləri Şahin İsmayılov, Raqif Allahverdiyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış edərək qeyd ediblər ki, narkomaniya əsasən, gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Buna görə də elə məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır. Bildirilib ki, statistikaya görə, bütün dünyada narkomaniya bəlasına düçar olanların sayı hər il durmadan artır. Narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdə, ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci ildən etibarən 26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilmiş və hər il qeyd olunur.

Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər