PDF Oxu

Sosial

  • 52

Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması" üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması" üzrə Beynəlxalq Konfrans keçirilib

Dünən Hilton otelində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması" üzrə Beynəlxalq Konfrans keçirilib. Beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallıqlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır: "Ölkənin birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə çoxşaxəli fəaliyyəti, onun təşəbbüsü ilə gender zorakılığının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər təqdirəlayiqdir".

Söz alan BMT-nin Baş Katibinin müavini Babatunde Osotimehinin bildirib ki, Azərbaycan məişət zorakılığının qarşısının alınması istiqamətində uğurlu fəaliyyəti ilə seçilən ölkədir: "Bunun üçün ölkənizdə düzgün qanunvericilik qurulub."

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev BMT-nin Baş Katibinin müavininə fəaliyyətlərinə görə təşəkkürünü bildirib: "Təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Amma bu gün bunlar həyata keçirilməyib. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünləri var".

Çıxış edən Dövlət Sosial-Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, ən vacib olanı bu zorakılığın başvermə səbəblərinin minimuma endirilməsidir: "Bunun üçün hüquqi tənzimləmə də tətbiq oluna bilər, məişət zorakılığının istənilən formasına görə ağır cəzalar da qoyula bilər".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Mübariz Qurbanlı bildirib ki, məişət zorakılığına bütün dinlər pis yanaşır, heç biri bunu qəbul etmir: "Məişət zorakılığı məsələsində maarifləndirmə və tərbiyə, eyni zamanda xalqların adət-ənənələri mühüm rol oynayır".

Tofiq Rəfailoğlu

Digər xəbərlər