Ölkə əhalisinin sağlamlığının qorunması dövlət qayğısı əhatəsindədir
Bu gün bütün dünyada Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi qeyd olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.
Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!" Bu gün də ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır. Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Dünyanın bir çox ölkələrində diabet göstəricilərinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.
Müasir dövrümüzdə bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyinə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam etməkdədir. Şəkərli diabet xroniki xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Bu xəstəliyin tarixi qədim olsa da, yayılma faizi bugünkü qədər olmamışdır. Qeyd edək ki, şəkərli diabet xəstəliyinin tarixi eramızdan əvvələ təsadüf olunur.
Hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Çox böyük sürətlə inkişaf edən xəstəliyin qarşısı alınmazsa, 2025-ci ildə bu xəstəliyə yoluxanlarının sayı 386 milyona yüksələcək və 2190-cı ildə bütün dünyada yaşayan insanlar şəkərli diabetə düçar olacaqlar. Şəkərli diabet genetik xəstəlik olsa da, o, vaxtında aşkarlanarsa, müalicəsi effektli olar.
Müasir dövrümüzdə bu xəstəliyə düçar olan insanlara dövlət tərəfindən xüsusi qayğı və diqqət var. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına görə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi genişlənmişdir. Hazırda bu xəstəlikdən əziyyət çəkən hər bir vətəndaş dövlət tərəfindən inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri və s. ilə pulsuz olaraq təmin edilir.
"2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" əsasında isə bu xəstəliklə bağlı daha geniş tədbirlər reallaşır. Belə ki, Tədbirlər Proqramına görə, profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib. Görülən işlərin davamı olaraq şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri də təşkil olunur. Eyni zamanda, ölkəmizdə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi "Diabet məktəblərinin təşkili" layihəsi reallaşır. Layihə çərçivəsində təlimlər keçirilir və ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq və müəyyən vərdişlər artırılır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları, ölkə səhiyyəsində islahatların aparılması əldə olunan bütün nailiyyətlər səhiyyənin yeni bir mərhələdə inkişafına gətirib çıxarıb və ölkə əhalisinin sağlamlığının qorunması əsas məsələ olaraq, daim diqqətdə saxlanılır.
ZÜMRÜD