Ölkə başçısının tapşırığı əsasında 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı sosial yönümlü siyasətin məntiqi nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəricilərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Belə ki, son illərin statistik məlumatına əsasən, səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılmışdır ki, bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan vermişdir. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta onları üstələyir.
Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır.
Ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm və sair prioritet sahələr üzrə hazırda 11 Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir. Son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır.
Mövcud inkişaf və tərəqqi nəticəsində bu gün ölkəmizdə ən ağır orqan transplantasiya əməliyyatları uğurla icra olunur ki, bu da xaricə üz tutmaq istəyən vətəndaşlarımıza böyük köməkdir.
DÖVLƏT PROQRAMLARININ GERÇƏKLƏŞMƏSİ AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL RİFAHININ TƏMİNATINDA ÖNƏMLİDİR
Azərbaycanın dünya miqyasında formalaşan imici artan iqtisadiyyatın, ölkədə hökm sürən sabitliyin, əmin-amanlığın təzahürü olaraq özünü göstərir. Belə bir şəraitdə ölkə həyatında irimiqyaslı layihələrin, dövlət proqramlarının gerçəkləşməsi Azərbaycan əhalisinin sosial rifahının təminatında önəmlidir. Azərbaycan səhiyyəsi də bu uğurların nəticəsində yeni inkişaf mərhələsindədir. Sözsüz ki, bu inkişaf insanların sağlam həyat tərzi yaşamasında önəmli faktordur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. Bütün bu və ya digər amillər insanların sağlam həyat tərzi yaşamasında önəmli faktordur. Belə uğurların olduğu bir zamanda keyfiyyətsiz dərman peraparatlarının satışa çıxarılması və qiymətlərin baha olması qəbulolunmaz idi. Məlumdur ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı dərman peraparatlarının qiymətlərinin süni şəkildə qaldırıldığını qeyd edərək, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğunu diqqət çatdırmışdır.
İNDİYƏDƏK DƏRMAN VASİTƏLƏRİNİN 95%-NİN QİYMƏTLƏRİ ENDİRİLİB
Azərbaycan Prezidenti əhalinin sağlamlığını önə çəkərək müxtəlif ölkələrdə istehsal olunan ucuz və keyfiyyətsiz dərman məhsullarının ölkəmizə gətirilməsinin qarşısını almaq məqsədilə tədbirlər görülməsini tapşırmışdır. Prezidentin tapşırığına əsasən ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. Görülən tədbirlər nəticəsində artıq ölkəmizdə xeyli sayda dərman peraparatının qiyməti nəzərəçarpacaq dərəcədə aşağı salınıb. Bildiyimiz kimi, ölkə başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətlərinin tənzimlənməsi barədə qərar qəbul edilib və sentyabr ayının 15-dən başlayaraq, ölkəmizdə bu qərar tətbiq olunmağa başlayıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Ümumilikdə, indiyədək şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq, 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.
Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu ilin 1 dekabr tarixindən, 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95%-nin qiymətləri endirilib.
Bütün bu və ya digər görülən tədbirlər ölkəmizdə insan amilinin, insan sağlamlığının hər şeydən yüksəkdə durduğunu göstərir.
Nəzakət ƏLƏDDİNQIZI