PDF Oxu

Sosial

  • 45

Azərbaycan dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirir

Azərbaycan dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirir

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya ölkələri ilə münasbətlərin qurulmasına, əməkdaşlığa xüsusi önəm verdi. Dünyanın nüfuzlu təşkilatlarına üzv olan Azərbaycan artıq dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rola malikdir. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərini qurub. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Azərbaycanın əməkdaşlıq etdiyi və üzv olduğu təşkilatlardan olan İSESKO ilə münasibətlər də yüksələn xəttlə inkişafdadır. Qeyd edək ki, müasir dövrümüzdə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – İSESCO-nun dünyada nüfuzu getdikcə artır. Hazırda İSESCO islam ölkələrində genişmiqyaslı layihələr reallaşdırır, elm, təhsil və mədəniyyətin inkişafında bu təşkilatın xidmətləri getdikcə genişlənir. 1991-ci ildə İSESKO ilə Azərbaycan arasında qurulmuş münasibətlər Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.

Elm, təhsil və mədəni əməkdaşlıq sahələrində islam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacib olduğundan Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu əlaqələrin inkişafına daim dəstəyini verir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən olmuşdur. Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" Beynəlxalq Konfransı, "Mədəniyyətlərarası dialoqda qadınların rolu" Forumu, İslam ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı, "Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009", İslam Ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər bu kimi tədbirlər elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında böyük əhəmiyyətə malikdir. Əbəs yerə deyil ki, İSESKO-nun Baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamışdır. İSESCO ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın Birinci Xanımının yorulmaz fəaliyyətinin nəticəsidir ki, Bakı 2009-cu ildə "İslam Mədəniyyətinin Paytaxtı" elan olundu.

ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMU DÜNYA MİQYASLI BRENDƏ ÇEVRİLİB

Diqqət etsək, görərik ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend kimi səslənir. Belə ki, bu forum mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanıb. Forumun keçirilməsi böyük dünya hadisəsidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların bir-birlərinin mədəniyyətlərinə daha yaxından bələd olmaları baxımından da təqdirəlayiqdir. Bu uğurlar təsadüfi deyildir. Bu, Azərbaycan dövlətinin və onun Prezidentinin dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirən siyasətin təzahürüdür.

İSLAM SÜLH, BİLİK, MƏDƏNİYYƏT VƏ TƏHSİL DİNİDİR

Keçirilən tədbirlər islam dünyasının inkişafı naminə öz töhfələrini vermiş olur. ISESCO fəalliyyətinin miqyasını genişləndirir və bunun üçün əlverişli imkanlar mövcuddur. Elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarına təşkilatın resurslarından istifadə etməyə şərait yaradılır. Bu, müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bu, terrorçuluğun aradan qaldırılması üçün zəruridir. İslam sülh, bilik, mədəniyyət və təhsil dinidir və ISESCO islam ölkələri arasında körpü rolunu oynayır.

ISESCO ilə Azərbaycan arasında yüksək və səmərəli əməkdaşlıq var və biz bu məhsuldar əməkdaşlıq davam edir. ISESCO İcraiyyə Şurasının 36-cı iclasının, 12-ci baş konfransının Bakıda təşkil olunması təşkilatla Azərbaycan arasında olan əməkdaşlığın göstəricisidir. ISESCO İcraiyyə Şurasının 36-cı iclasında böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əməkdaşlıq, bu sahələrdə ölkələrin inkişaf istiqamətlərini təmin edəcək müzakirələr aparıldı. Bu müzakirələr İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsində olduqca əhəmiyyətlidir. Eyni zamanda, ISESKO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm imkandır və təşkilatla gözəl əməkdaşlığın daha bir göstəricisidir.

Bu tədbirlərin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələrini verəcəyi hər kəsdə əminlik yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər