Nardaran kəndində din pərdəsi altında fəaliyyət göstərən radikal ekstremistlərin xarici dairələrlə iş birliyi üzə çıxır
Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa açıq nümayiş etdirdi. Müxtəlif bölgələrdən ətrafına insanlar toplayaraq hakimiyyətə itaətsizliyə çağıran bu qruplar Azərbaycanı şəriətlə idarə olunan dövlətə çevirməyə cəhd ediblər. Onlar özlərinin "Müsəlman birliyi" hərəkatını yaradaraq kənd əhalisini aşkarca dövlətçilik əleyhinə maarifləndirməklə məşğul olublar. Din pərdəsi altında gizlənən, Azərbaycanı zəiflətməyə çalışan xarici maraq dairələri ilə işbirliyində fəaliyyət göstərən bu qruplar birbaşa dövlət hakimiyyətinin mövcudluğuna təhdid rolu oynayıblar. Sonuncu qanlı hadisə zamanı göstərdikləri güclü müqavimət və sonradan aşkarlanan xeyli miqdarda silah-sursat, partlayıcı maddələr sübut edir ki, anti-azərbaycançı qüvvələr bu qruplara hərtərəfli dəstək vermişdir. Onların başlıca məqsədi bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir. Bu gün baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə (DİN) daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks-tədbirlərin görülməsini zəruri edib. Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar.
Cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək
Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfər yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə kömək edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir. Ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Onların arsenalında odlu silahlar, əl qumbaraları, çoxlu sayda "Molotov kokteyli" olmuşdur
Taleh Bağırov və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırmış, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələmiş, onlara qarşı ölüm çağırışları etmiş və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildirmişlər. Göründüyü kimi, bu ekstremist qrupların məqsədi ölkədə mövcud sabitlik mühitini pozaraq qarşıdurmalar yaratmaq, insanları küçələrə toplayaraq dövlət əleyhinə qiyama qaldırmaq olub. Dağıdıcı müxalifət partiyalarının liderlərinin də bu sahədə kifayət qədər "təcrübəsi" var. Bu liderlər həmin ekstremist qrupların etdiklərinə haqq qazandırmaqla yanaşı öz dəstəklərini də onlardan əsirgəməyiblər. Nə də olsa, məqsədləri eynidir. Bu ekstremist dəstə Nardaran əhalisini qorxu içində saxlamış, sadə insanları yoldan çıxarmış, onların mövqeyini bölüşməyən insanları məcburi şəkildə öz iradəsinə tabe etdirərək, məkrli niyyətlərini həyata keçirməyə çalışmışdır. Nardaranda radikal ekstremistlər hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərmiş, polis əməkdaşlarını qətlə yetirmişlər. Hadisə zamanı onların təşkilatlandığı və ciddi şəkildə silahlandığı öz təsdiqini tapdı. Onların arsenalında odlu silahlar, əl qumbaraları, çoxlu sayda "Molotov kokteyli" olmuşdur.
Mübariz Qurbanlı: "İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır"
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı son hadisəyə münasibət bildirib. M.Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanuna uyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər: "Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar". Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycanda dini etiqad azadlığı təmin olunub. Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq, bəraət qazandırmaq və din pərdəsi adı altında öz məqsədlərinə çatmaq istəyənlər var, lakin Azərbaycan xalqı buna razı olmayacaq, Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Azərbaycanda 2000-dən çox məscid var, Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunub". M.Qurbanlı əlavə edib ki, bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: "Onlar dindarların adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda milli-dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə, yoxdur!"
Komitə sədri Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitliyinin olduğunu bildirib və qeyd edib ki, bu sabitliyi, xalqın təhlükəsizliyini hüquq-mühafizə orqanları mütəmadi qoruyur: "Belə olan şəraitdə kimlərsə hansısa məscidə gələrək burada özbaşına moizələr oxuyur. Axı qanun var. Və qanunun tələbinə görə hər hansı bir məsciddə, hər hansı bir dini məbəddə yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə təyinat alan şəxslər hər hansı xütbələr, moizələr oxuya bilərlər. Lakin qeydiyyatı olmayan və heç bir səlahiyyəti, heç bir hüquqi ünvanı olmayan bir yerin adını dini ibadət yeri qoyaraq oraya toplaşır, milli-dini baxımdan hiddət yaradan, qarşıdurma yaradan, eləcə də milli maraqlarımıza, milli dövlətçiliik prinsiplərimizə zidd olan çağırışlar edirlər. Eyni zamanda, silaha əl atırlar, silahdan istifadə edirlər. Faktiki olaraq hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Belə olan təqdirdə, bizim ictimai təhlükəsizliyimiz üçün hüquq-mühafizə orqanlarımız haqlı olaraq qanunauyğun şəkildə, əhalinin xahişi ilə orada tədbirlər keçirir". M.Qurbanlının sözlərinə görə, polisə müqavimət göstərməyə, zorakılıq etməyə, silah işlətməyə heç kim dəstək verə bilməz: "Cinayət əməllərinə yol verənlərə qarşı hüquq-mühafizə orqanlarının atdığı bu addımları ictimaiyyət də dəstəkləyir. Hesab edirəm ki, Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn belə hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır".
Sabitliyi pozanlar layiqli cəzalarını alacaqlar
Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar. Hüquq-mühafizə orqanları Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu qəddar canilərə və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirməlidirlər.
Azərbaycanda hər zaman dini tolerantlıq və məzhəblərarası birlik mövcud olub. Bu baxımdan hər hansı ekstremist radikal dini qruplaşmaların ölkə qanunlarına və ictimai rəyə təsir etmək imkanı sıfıra bərabərdir.
TOFİQ RAFAİLOĞLU