Mais Səfərli: "Din adı altında insanların avtomatla silahlanması düzgün deyil"
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Nardaran hadisələrinə dağıdıcı müxalifətin dəstək verməsi həmin dini-ekstremist qüvvələrlə müxalifətin əməkdaşlıq münasibətlərinin malik olduğunu deməyə əsas verirmi?
- Azərbaycanda hər şey qanun çərçivəsində baş verməlidir. Ölkəmizdə istər QHT-lər, istərsə də siyasi təşkilatlar Konstitutsiya çərçivəsində fəaliyyət göstərməlidir. Ümumiyyətlə, ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən qüvvələr qanun qarşısında cavab verməlidirlər. Nardaran qəsəbəsində bir qurp şəxslər ictimai sabitliyi pozmağa çalışıb və bununda qarşısı alınıb. Bu baxımdan, bu məsələ ilə bağlı olaraq ciddi hüquqi araşdırmalar aparılmalıdır ki, hadisənin kökündə nə durur. Demək olar ki, hər zaman müxalifət çalışır ki, ölkədə baş verən istənilən hadisədən öz məqsədləri üçün istifadə etsinlər. Bu da yolverilməzdir. Ökədə baş verən istənilən hadisədən müxalifət təmsilçilərinin siyasi oyun düzəldərək istifadə etmək cəhdi qanunlara ziddir.
- Sizcə, Nardaranda dini-ekstremist qüvvələrin fəallaşmasının arxasında dağıdıcı müxalfətlə yanaşı xarici dairələrin də dayandığını demək olarmı?
- Əgər Azərbaycanda hər hansı bir qüvvələr stabilliyi pozmaq və iğtişaş yaratmaq istəyirlərsə təbii ki, onların arxasında müəyyən qüvvələr dayanır. Təbii ki, xarici maraqlı dairələrə bağlılıqları olmasa və onlardan sifariş almasalar, pozuculuğa cəhdlər göstərə bilməzlər. Ümumiyyətlə isə, buna cəsarət belə etməzlər. Bu baxımdan demək olar ki, radikal dini ekstremis qüvvələri təlimatlandıran xarici dairələrdir və həmin dairələrində ünvanları bəllidir.
- Nardarana dini-ekstremist qüvvələr tərəfindən "Amerkanın səsi", "Meydan TV", "Azadlıq" qəzeti və digər bu kimi müxalif qəzetlərin, xarici ölkələrin maliyyləşdirdiyi radiolar buraxıldığı halda, müstəqil mətbuat qurumlarını bu qəsəbəyə buraxılmır. Bunun maraqlı tərəflərini nə ilə izah etmək olar?
- Nardarana dini-ekstremist qüvvələr tərəfindən "Amerkanın səsi", "Meydan TV", "Azadlıq" qəzeti və digər bu kimi müxalif qəzetlərin buraxıldığı halda, müstəqil mətbuat qurumlarının bu qəsəbəyə buraxılmaması müəyyən qaranlıq məqamdan xəbər verir. Hətta orada həmin şəxslər tərəfindən jurnalistlərə təzyiqlər də göstərilib. Ümumiyyətlə, jurnalistə təzyiq göstərmək yolverilməzdir. Jurnalistin hansı mətbu orqandan olması əsas deyil. Çünki jurnalistlər öz peşə borclarını yerinə yetirirlər. Onlar ağır bir peşə sahibləridir. Jurnalistin əsas işi də həmin hadisə yerində olaraq, orada nə baş verdiyini araşdırıb, hazırladığı informasiyanı ictimaiyyətə təqdim etməkdir. Amma təəssüflər olsun ki, bir sıra jurnalistlər Nardaran qəsəbəsində baş verən hadisələrdən zərər çəkiblər. Jurnalistlərə qarşı bu cür hərəkətlərin olması yolverilməzdir.
- Din adı altında insanların avtomatla, qumbara ilə silahlanması nə dərəcədə düzgündür və həmin şəxslərin islamla bağlılığı ola bilərmi?
- Təbii ki, din adı altında insanların avtomatla silahlanması düzgün deyil. Çünki dini heç vaxt siyasi alətə çevirmək olmaz. Yəni dindən siyasi məqsədlər üçün istifadə etmək dinə qarşı çıxmaq deməkdir.
GÜLYANƏ