Nardaranda bir tərəfdə terroruçuluq düşüncəsi ilə fəaliyyət göstərən radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən, buna görə təhdidlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar
Müstəqil Azərbaycan Respublikası hüquqi-demokratik dövlətdir və ölkədə bütün məsələlər məhz qanunlar əsasında tənzimlənir. Digər tərəfdən, bütün sahələrlə yanaşı, Azərbaycan həm də dinlər və məzhəblərarası tolerantlığın nümunəsi kimi, əslində bir çox inkişaf etmiş ölkələri geridə qoyur. Hətta belə qeyd etmək mümkündür ki, Azərbaycanda bu kimi həssas sahədə qurulan münasibətlər elə tənmiz olunur ki, bu eyni zamanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasına və inkişaf etdirilməsinə də öz müsbət təsirlərini göstərir. Təbii ki, bu faktor eyni zamanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Taleh Bağırzadə kimi xarici ölkələrə işləyən dinbazların oyunlarına getmək fikrində deyillər
Lakin təəssüflə qeyd olunmalıdır ki, belə bir önəmli mühitdə tolerant ölkəmizin tərəqqisini istəməyən müəyyən xarici qüvvələr suyu bulandırmaq siyasətlərini yürütməklə dini və məzhəb zəminində süni qarşıdurmalar yaratmağa cəhdər göstərirlər. Bu sırada, ötən həftə Bakının Nardaran kəndində baş verən və insan tələfatı ilə nəticələnən olayı göstərmək mümkündür. Beləliklə, artıq kifayət qədər sübut olunub ki, həmin hadisə məhz din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunanların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdləridir. Ökənin Baş Prokururluğunun və hüquq-mühafizə orqanlarının yaydıqları bəyanatlarından da, görünür ki, Nardaran hadisələrində əsas rol almış Taleh Bağırzadə və onun ətrafında birləşmiş başıpozuq dəstə terror məqsədilə xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib və onlara qarşı ölüm çağırışları ediblər.
Söz yox ki, həmin dəstənin qanunazidd fikirlərini heç də bütün Nardaran əhalisi qəbul etmir, əksinə həmin adamların oradakı fəaliyyətlərinə qarşı çıxırlar. Daha dəqiq desək, Nardaranda bir tərəfdə terrorçuluq düşüncəsi ilə fəaliyyət göstərən radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar.
Hadisələrdən sonra artıq o da bəlli olub ki, Taleh Bağırzadənin dəstəsi orada müvəqqəti sığınacaq almaq adı altında Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri isə məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Daha öncədən də deyildiyi kimi, onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya, İraqa,Yəmənə çevirməkdir. Ancaq bu, baş vermədi. Çünki dövlət və xalq birliyi bu kimi zərərli toxumların səpilməsinin qarşısını aldı. Bu günlərdə kənd ağsaqqallarının kənd ərazisində qanunsuz olaraq toplaşmış əhalini meydanlardan evlərinə getmləri barədə qərar qəbul etmələri, qanunsuz müqavimət üçün hüquq-mühafizə orqanlarına qarşı barrikadaların sökülməsini tövsiyə etməsi də belə deməyə əsas verir ki, normal düşüncəli insanlar Taleh Bağırzadə kimi xarici ölkələrə işləyən dinbazların oyunlarına getmək fikrində deyillər.
Düşündürücü daha bir məqam isə guya dini ibadətlər etmələrinə əngəllər olduğunu iddia edən hay-küyçülərin, eyni zamanda sosial problemlərlə qarşı-qarşıya qalmalarını iddia etmələridir. Lakin burada da əsassızlığın olması gün kimi aydın görünür.
Ölkənin heç bir yaşayış məntəqəsində belə hal yoxdur
Belə ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, o cümlədən Nardaran kəndinin sosial-iqtisadi problemlərinin uğurla həll edilməsi barədə kifayət qədər sübutlar var. Məhz bu sübutları da kölgə altına salmağa cəhd edən təxribatçı qruplar əllərində olan bütün imkanlardan istifadə edərək dövlət tərəfindən həyata keçirilən sosial, infrastruktur tədbirlərini sabotaj etməyə çalışırlar. Halbuki Nardaran əhalisinin enerji təchizatları çoxsaylı borclarınn olmasına rəğmən fasiləsiz olaraq verilib. Statistikaya müraciət etsək, görərik ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu vardır. Ondan 2015-ci ilə qədər 37 milyon 966 min manat, 2015-ci ilin 10 ayında isə 4 milyon 300 min manat təşkil edib.
Nardaran əhalisi təbii qaza görə dövlətə 1 milyon 376 min manat borcludur (bu məbləğdən 387 min manat 2013-cü il üçün, 559 min manat 2014-cü il üçün, 450 min manat 2015-ci ilin 10 ayı üçün). Ölkənin heç bir yaşayış məntəqəsində belə hal yoxdur. Göründüyü kimi, kənd sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı barədə iddialar öz təsdiqini tapmır və terrorçu ünsürlərin, onların havadarlarının dezinformasiya vasitəsilə ölkə ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildir.
Halbuki müqəddəs islam dinində radikalizm qəti olaraq pislənir...
Daha bir məqama diqqət yetirək. Bu gün dünyəvi konstitusiya quruluşu olan Azərbaycannın kənd və qəsəbələrindən fərqli olaraq, Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma alıb. Adicə bir misal gətirək. Terror təşkilatı olan "İŞİD" işğal etdiyi əraziləri öz qara bayraqları ilə örtür, şəriət qanunları altında idarəçilik sistemləri qurur, demək olar ki hər gün "Allahu Əkbər" nidaları ilə insanları müxtəlif vəhşi edam üsulları ilə qətlə yetirir. Təbii ki, "İŞİD" də məhz din pərdəsi altında ortaya atılan bir təşkilatdır və onun əsas məqsədi heç də İslami dəyərlərə hörmət etmək, onun təbliğ etmək deyil. Bu gün radikal vəhhabi cərəyanının təmsilçilərini gödək şalvarlarda, uzun və səliqəsiz saqqallarda, hətta ərəb əbalarında görmək mümkündür. Düzdür, Nardaranda vəhhabilik cərəyanı hökm sürməsə də, təəssüf ki, şiəlik pərdəsi altında gizlənən və xarici qüvvələrə işləyənlər orada radikal məzhəbçilik faktorlarını təbliğ etməyə imkan tapıblar. Halbuki müqəddəs islam dinində radikalizm qəti olaraq pislənir. Bu baxımdan, Nardaran küçələrində qara bayraqların asılması, dini ayinlərlərin teokratik dini dövlətlərə xas olan üslubda icra olunması da bənzərlik təşkil edir. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edir, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırlar. Onlar, həmçinin, Nardaranı dövlət içində dövlət hesab edirlər. Bu gün Nardaran Azərbaycan reallığına sığmayan bir fenomen kimi bütün cəmiyyətin qanayan yarasını xatırladır. Nardaran müasir Azərbaycanda, milli-mənəvi və mütərəqqi ümumbəşəri dəyərlərin vəhdətini təşkil edən, dünya mədəni irsinin ayrılmaz parçasına çevrilən Bakının bir neçə kilometrliyində yerləşmiş orta əsr "anklavı" təəssüratı bağışlayır. Nardaran hüquqi dövlət anlayışını, tolerantlığın, konfessiyalar, dinlər, xalqlar və mədəniyyətlərarası harmoniyanın, multikultural dəyərlərin hökm sürdüyü Azərbaycanın sivil ictimai birgəyaşayış normalarını tam inkar edir. Bu orta əsr "anklavı" özünü Azərbaycandan daha çox dini-teokratik cəmiyyətlərə aid edir ki, bu da tam şəkildə Azərbaycan reallığına uyğun gəlmir.
İnkişafı, elmi-texniki tərəqqini, müasirliyi inkar edənlərlə necə birgə yaşamaq olar?
Nardaran arxaik yaşayış qaydaları, gerilik, eybəcər dini sektantlıq rəmzinə çevrilərək müasirliyi, elmi-texniki tərəqqi əsrini inkar edir. Bu zaman sual yaranır ki, bəs inkişafı, elmi-texniki tərəqqini, müasirliyi inkar edənlərlə necə birgə yaşamaq olar? Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirən, ancaq Dağlıq Qarabağ kimi ümummilli problemi yada belə salmayanlar Azərbaycan cəmiyyətinə nə verə bilərlər, onlarla bir yerdə necə yaşamaq olar?! Bu gün Nardaranda oturuşmuş terrorçular, radikal ekstremistlər "Tarix naminə ölüm" şüarını irəli sürür, kənd əhalisinin təfəkkürünü orta əsrlərin sxolastik dəyərləri, insanların həyatını xaricdən gələn və milli ideyamızı inkar edən yad ideologiya üzərində kökləməyə çalışırlar. Xarici dini mərkəzlərdən qidalanan bu miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırlar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır. Onlar təhsilin, maariçiliyin, müasirliyin zəif olduğu yerlərdə öz niyyətlərini reallaşdırmağa çalışırlar. Buna görə də Nardaranda qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Buna görə də Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb. Beyni ifrat dini doqmalarla doldurulmuş, narkotik maddələrin təsiri altına salınmış insanlar terrorçuların və onların havadarlarının əlində ən yaxşı silahdır. Təsadüfi deyil ki, orta əsrlərdə Həsən Səbbah adlı şiə lideri öz müridlərinə narkotik verdikdən sonra onlara cənnət vəd edir və ölümə göndərirmiş. Məhz orta əsr sxolastikasının hökm sürdüyü Nardaran kimi yerlərdə xarici dini mərkəzlərin ideoloji təsiri özünü açıq büruzə verir, fanatik dini cərəyanlar güclənir, onlara qoşulanların sayı artır. Beləliklə, Nardaran kimi orta əsr "anklavlarında" Hacı Mövsüm Səmədov, Taleh Bağırzadə kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlaya bilirlər.
Nəyə görə istər 2002-ci ildə, istərsə də sonrakı dövrlərdə analoji hadisələr Gəncədə, Lənkəranda, Naxçıvanda və ya Bakının digər kəndlərində deyil, məhz Nardaranda baş verir?
Təsadüfi deyil ki, Azərbaycanda islam partiyasının sosial bazası yalnız Nardarandan ibarətdir, bu partiyanın rəhbərləri və funksionerləri həmin kəndin sakinkləridir. Terrorçular beyni dumanlanmış insanlar arasında öz təbliğatını Yezidlə İmam Hüseynin vuruşması tarixi epizodu üzərində qurur, qulluq etdikləri dairələri İmam Hüseyn, hakimiyyəti isə Yezid kimi qələmə verirlər. İdarə etdikləri internet saytlarında, sosial şəbəkələrdə də təbliğatın başlıca tezisini məhz bu mövhumat təşkil edir. Terrorçular və ekstremistlər onların sırasına qoşulmayan, fikirlərini bölüşməyən və cəmiyyətin siyasi həyatında iştirak etməyən dindarları isə münafiqlər (dönüklər) kimi qələmə verirlər. Nəyə görə istər 2002-ci ildə, istərsə də sonrakı dövrlərdə analoji hadisələr Gəncədə, Lənkəranda, Naxçıvanda və ya Bakının digər kəndlərində deyil, məhz Nardaranda baş verir? Əgər noyabrın 25-26-da Nardaranda baş verən hadisələr, hansısa terrorçu sektanın qiyamı, hüquq-mühafizə orqanları əməkdaşlarının güllələnməsi Fransada və ya ABŞ-da baş versəydi, bu ölkələrin hakimiyyətləri hansı tədbirlər görərdi? Fransızlar "Şarli Ebdo" satirik jurnalının redaksiyasına olan hücumun, yaxud noyabrın ortalarında 129 nəfərin ölümünə səbəb olan terror aktının icraçıları və təşkilatçılarını məhv etdilər. ABŞ-da terrorçulara münasibət bəllidir, hətta Ferqyusonda dinc aksiyaçılarla qəddar davranış Vaşinqtonun hakimiyyətə qarşı çağırışlara və hərəkətlərə barışmaz olduğunu təsdiq edir. Şiələrin etirazları zamanı Bəhreynə, şiələrin hakimiyyətə gəldiyi Yəmənə qarşı Səudiyyə Ərəbistanının müdaxiləsi belə hallara qarşı necə davranıldığını açıq göstərir. Bəs Nardaranda polisləri güllələyən, vəzifəli şəxsləri, vətəndaşları ölümlə hədələyən terrorçulara qarşı Azərbaycan hüquq-mühafizə orqanları necə davranmalıdır? "İŞİD" bayrağına oxşayan şüarların küçələri bəzədiyi, geyimi və davranışı orta əsr dövrünü xatırlayan insanların yaşadığı, terrorçuların at oynatdığı, dövlətdən kommunal xidmət görüb pulunu verməyən, dövlət orqanlarının həyata keçirdiyi tədbirləri sabotaj edən bir kəndə qarşı necə davranmaq lazımdır?
Bu, bir ictimai sifarişdir
Dövlət nəyə görə onu tanımaq istəməyən, ümumi normalara uyğun yaşamayan, bütün ictimai birgəyaşayış qaydalarını inkar edən və terrora qucaq açan bu "anklava" qarşı tədbir görməməlidir? Terrorçularla danışıq masası arxasına oturmaq olarmı? Bəs nə etməli? İlk növbədə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Nardaranda kök salmış təxribatçı-terrorçu dəstələr və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görülməli, bu kənd azğınlaşmış dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas olunmalıdır. Azərbaycan dövləti, hüquq mühafizə orqanları Nardaranı "İŞİD" tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, kənddə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir. Şünki Nardaran bu gün orada mövcud olan xarici təsirlər nəticəsində müalicəsinə ciddi ehtiyac duyulan bir xəstəlik mənbəyidir və lazım gələrsə, ən radikal metodlardan istifadə etməklə bu problemi qısa zamanda həllinə nail olmağın zamanıdır. Bu, nə tövsiyə, nə də ki, tələbdir. Bu, bir ictimai sifarişdir.
R.Rəsulov