Suraxanı rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş "Bizim gücümüz birliyimizdədir" adlı layihə çərçivəsində tədbir keçirilib. Suraxanı rayonu gənclərinin toplaşdığı Gənclər Evində keçirilən tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova Qazanılmış İmmunçatışmazlığı Sindromu dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biri olduğunu bildirib:"Bu gün QİÇS-ə qarşı mübarizəni aktuallaşdıran xəstəliyin sürətlə yayılması, insanlar arasında bu xəstəlik barədə məlumatın azlığı və maariflənmənin zəif olmasıdır. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində var və təəssüf ki, sürətlə artmaqda davam edir. Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır".
O, qeyd edib ki, bu gün tədbirin Gənclər Evində keçirilməsində məqsəd gənclər arasında maarifləndirmə işinin aparılmasıdır: "Çox təəssüf ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə Qaydasına uyğun olaraq müayinə üçün müraciət edən 33 815 nəfərdən 21-də QİÇS xəstəliyi aşkar edilmişdir. Bu, bir daha onu göstərir ki, heç kim hər hansı bir xəstəliyə tutulmayacağından sığortalanmayıb". Gənclərin üzərinə düşən isə sağlam və düzgün həyat tərzi seçməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva İİV/QİÇS problemi son dərəcə aktual bir problemlərdən biri olduğunu bildirərək, qeyd edib ki, hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir: "Epidemiya, ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu İİV/QİÇS-in hər birimizə aid olması haqqında düşünmür, özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbir görmürük. İİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq, bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik".
A.Sofiyeva vurğulayıb ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq "ağ ölüm" kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
O bildirib ki, narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi Raqif Allahverdiyev, Respublika QİÇS-lə mübarizə mərkəzinin şöbə müdiri Samirə Vəliyeva, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev və başqaları çıxış ediblər.
Tədbirdə gənclərin çoxsaylı suallarına aydınlıq gətirilərək və mövzu üzrə maarifləndirici bukletlər paylanıb.
ZÜMRÜD