PDF Oxu

Sosial

  • 19

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

3 Dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Dövlətimizin ildən-ilə artan sosialyönümlü büdcəsi də bunu söyləməyə imkan verir. Bu gün Azərbaycanda 420 mindən artıq əlil, 60 mindən artıq isə sağlamlıq imkanları məhdud olan uşaq var. Əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür.

Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirilib. Bu gün həmin siyasət Cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Belə ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş hüquqi islahatların məntiqi nəticəsi olaraq dövlətimizin Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Bu sırada əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi də mühüm yer tutur.

Ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP), eyni zamanda 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərlə bağlı müddəaların olması dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir. Proqrama uyğun olaraq bu qəbildən olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, xroniki xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin yaxşılaşdırılması, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicələrinin təşkili ilə bağlı tədbirlər həyata keçirilib. Bütün bunlar dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilib.

Xüsusi qayğıya ehtiyacı olan, sağlımlıq imkanları məhdud insanların digər problemləri kimi, onların təhsili də dövlətin daim diqqətindədir. Belə ki, Azərbaycanda inklüziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradılması təşəbbüsləri hələ 90-cı illərin sonlarından irəli sürülmüşdür. 2001-ci ildə isə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunmuş, eyni zamanda Təhsil Nazirliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram (2005-2009-cu illər)" hazırlanmışdır. Proqrama uyğun olaraq beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.

Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən islahatlar əlillərin də əmək pensiyalarının ciddi artımına səbəb olub. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Əlillərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası genişlənib. Belə ki, kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi layihəsi üzrə BMT ilə əməkdaşlıq sazişi imzalanmışdır. Layihənin 1-ci mərhələsində gözdən əlil insanlar üçün rəqəmsal fərqin aradan qaldırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarına ehtiyac müəyyən olunmuş, 2-ci mərhələdə model informasiya-kommunikasiya texnologiyaları sinfi yaradılmışdır. Bu kateqoriyadan olan insanlar üçün yaradılan kitabxana və təlim mərkəzində onların audio materiallar və Brayl şriftli kitablardan istifadə imkanlarının təmin olunması işi də layihənin 3-cü mərhələsi kimi başa çatmışdır. Fondun təqdimatı ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Azərbaycandan 15 nəfər əlil ixtiraçını mükafatlandırması da Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Hazırda əlilliyi olan insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer kürəsində təqribən iki milyarda yaxın insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir. Azərbaycan dövləti isə bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

NƏZAKƏT

Digər xəbərlər