PDF Oxu

Sosial

  • 26

Erməni xalqı qondarma islahatlara yox deyir

Erməni xalqı qondarma islahatlara yox deyir

Dekabrın 6-da keçiriləcək referendumun nəticələri tanınmayacaq

Məlum olduğu kimi, avqustun 22-si Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları haqda parlamentə göndərdiyi layihədən sonra dekabrın 6-na təyin olunmuş referendumun keçirilməsi ağır vəziyyətdə olan ölkədə siyasi və iqtisadi vəziyyət daha da gərginləşib. Cinayətkar rejim ölkədə konstitusiya islahatları aparmaqla qeyri-qanuni yolla hakimiyyətini möhkəmləndirmək niyyətindədir. Əhali isə buna qarşı çıxır. Məhz bu səbəbdən də artıq dekabrın 1-dən başlayaraq "Yeni Ermənistan" hərəkatının təşkilatçılığı ilə oturaq mitinq keçirən aksiya iştirakçıları qondarma islahatlara yox deyəcəklərini, hökumətin istefasına və növbədənkənar seçkilərin keçirilməsi tələbini irəli sürüblər.

Konstitutsiya "islahatları" Sarkisyanın növbəti kələyidir

Yerli erməni ekspertləri və deputatlar yeni sistemin Ermənistan üçün faydalı olacağını, yeni nə verəcəyini söyləməkdə çətinlik çəkir və bunu Sarkisyanın növbəti kələyi hesab edirlər. Elə Erməni Milli Konqresinin mətbuat katibi Armen Musinyan da deyib ki, konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdidir: "Hakimiyyətdə olduğu bütün dövrlərdə hiylələrlə ölkəni idarə edən Sarkisyan artıq növbəti hiyləsini işə salıb - Konstitutsiya "islahatları". Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək".

"İrs" partiyasının lideri Raffi Ovannisyan da qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir. Ovannisyan təklif edilən islahatların bundan əvvəl də qəbul olunduğunu və icra edilsə də, heç bir dəyişikliyin yaranmadığını vurğulayıb. Onun fikrincə, bu gün ölkədə yaranan bir çox problemlər məhz konstitusiyaya riayət edilməməsindən irəli gəlir: "Konstitusiya, sadəcə mündəricat deyil, eyni zamanda reqlamentdir. Ölkə inkişafı istənilən səviyyəyə çatmayıb, hakimiyyət isə bu cür əhəmiyyətli prosesin reallaşdırılması üçün lazım olan legitimliyə sahib deyil".

Ovannisyan, həmçinin islahatların keçirilməsi üçün müəyyən olunan vaxtın onu təəccübləndirdiyini, eləcə də bu islahatlar barədə danışıqların son prezident seçkilərindən sonra gündəmə gətirildiyini, hazırkı dövlət başçısının prezidentliyə bir daha namizədliyini iddia edə bilməyəcəyini qeyd edib.

Erməni parlamentinin üzvü Levon Zurabyan isə bildirib ki, hakim zümrənin əsas səyi hakimiyyəti, nəyin bahasına olursa-olsun, saxlamaqdır: "Hamı bilir ki, Serj Sarkisyan öz prezidentlik müddətini tamamlayır. Yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və Sarkisyana uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməyə imkan verəcək".

Ermənistanda xalqın kağız üzərində olan hüquqları da əlindən alınır

Erməni mətbuatının yazdığına görə, ölkədə konstitusiya islahatları üzrə xüsusi komissiya yeni konstitusiyanın 1-7-ci fəsillərinin layihəsinin ilkin variantını dərc edib. Verilən məlumatda bildirilir ki, xüsusi komissiya prezident Serj Sarkisyanın ölkə üzərində siyasi monopoliyasını yaratmaq üçün əlindən gələni əsirgəməyib. Sarkisyana bu işdə xüsusi komissiyaya rəhbər təyin etdiyi Ali Məhkəmənin sədri Qagik Arutyunyan kömək edib. Ermənistanda məhkəmələrin azad qərar verə bilməmələri və Sarkisyanın göstərişi ilə işlədiyi heç kimə sirr deyil. Yeni konstitusiyanın ilkin variantı demək olar ki, Ermənistan xalqının ölkənin idarəçilik sistemində iştirakını məhdudlaşdırır. Əgər layihə indiki şəklində qəbul edilsə və Sarkisyan baş nazir olsa, ölkədə hakimiyyətin yeganə mənbəyi xalq deyil, o, olacaq. Məsələ burasındadır ki, indiki konstitusiyaya görə xalq 3 - bələdiyyə, parlament və prezident seçkilərində iştirak edir. Yeni islahatlar isə bunu 2-yə - bələdiyyə və parlament seçkiləri - endirir. Bununla da rəsmi Yerevan saxtalaşdıracağı seçkilərin sayını azaltmış olur. Saxtalaşdırılan seçkilərin sayı nə qədər az olsa, əhali arasında hakimiyyət əleyhinə etiraz aksiyaları, xaricdən ölkənin antidemokrat olması ilə bağlı tənqidlər və səslərin oğurlanmasına çəkilən xərclər də bir o qədər az olacaq.

Digər tərəfdən, Sarkisyan başçılıq etdiyi Respublika Partiyasının səs çoxluğu qazana bilməyəcəyi ehtimalını indidən sığortalamağa başlayıb. Belə ki, o, "Daşnaksütyun" Ermənistan İnqilabi Federasiyası ilə nazirlik portfellərini bölüşməyə hazır görünür. Yeni Konstitusiya sayəsində Sarkisyan baş nazir vəzifəsinə iki dəfədən artıq seçilməklə hakimiyyətdə uzun müddət qala biləcək və onun rəhbərlik etdiyi partiya sərhədsiz hüquqlara malik hegemon partiya olacaq.

Beləliklə də, görünən odur ki, Ermənistanda xalqın kağız üzərində olan hüquqları da əlindən alınır. Lakin Prezident Yanında Konstitusiya İslahatları Üzrə Xüsusi Komissiyanın (KİXK) rəhbəri Qaqik Arutyunyan isə bildirib ki, konstitusiya islahatları üzrə referendum 2016-cı ildən tez keçirilə bilməz.

Göründüyü kimi, baş verən proseslər onu göstərir ki, Sarkisyanın addımları və çıxışları Ermənistan ictimaiyyətində ölkənin siyasi gələcəyi ilə bağlı narahatlığı və çaşqınlığı artırsa da, konstitusiya islahatları adı altında hakimiyyətinin ömrünü uzatmağa çalışsa da, xalq dekabrın 6-da keçiriləcək referendumun nəticələrinə "YOX!" deyəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər