Türkiyə iqtisadi xilası qardaş Azərbaycanda görür
Türkiyənin baş naziri Əhməd Davudoğlunun dekabrın 3-də Bakıya səfəri bu günlərdə daha çox müzakirə obyektinə çevrilməkdədir. Rusiya-Türkiyə münasibətlərinin kəskin şəkildə dəyişməsindən sonra baş nazirin ölkəmizə səfəri məsələyə diqqəti daha çox cəlb edib. Məlumdur ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Bakıya səfər etmişdi və səfər çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilmişdi. Bu baxımdan, qardaş ölkənin xarici siyasət şefinin Azərbaycana səfərinin təfərrüatları və proqnozları da maraq doğurmaya bilməz. Təbii ki, iki ölkənin ictimaiyyəti də Davudoğlunun rəsmi Bakı səfərini maraqla izləyir və ekspertlərin rəylərinə diqqət yönəldir.
"Türkiyə-Azərbaycan münasibətləri təbii strateji müttəfiqliyə əsaslanır və heç bir halda üçüncu tərəfə qarşı deyil"
Əhməd Davudoğlunun səfərindən gözləntilərin nələr olduğuna dair sualımızı cavablandıran millət vəkili, politoloq Hikmət Babaoğlu qeyd edib ki, Türkiyə Azərbaycan münasibətləri təbii-strateji müttəfiqliyə əsaslanır və heç bir halda üçüncu tərəfə qarşı deyil: "Əhməd Davudoğlunun ölkəmizə səfərini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Hazırda dünyada baş verən qlobal radikal siyasi proseslər nəticəsində ən aktual məsələ məhz bizim də aid olduğumuz regionda milli maraqların qorunmasını təmin etməkdir. Bunun üçünsə müttəfiqlərin bir -birinə ehtiyacı var. Türkiyə- Azərbaycan münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmır. Hər iki ölkənin iqtisadiyyatının, mədəni-sosial həyatının elə bir sahəsi yoxdur ki, burada bu və ya digər formada əməkdaşlıq müşahidə edilməsin. Belə olan halda çoxsaylı məsələlərin müzakirə edilməsinə vaxtaşırı zərurət yaranır ki, bu da təbiidir.Türkiyə enerji ehtiyatlarının mövcud olduğu coğrafiyanın tam ortasında yerləşir və özünün enerji daşıyıcılarına olan tələbatını müxtəlif istiqamətlərdən təmin edir ki, Azərbaycanın da bu sahədə qardaş ölkə ilə əməkdaşlığı mövcuddur. İki ölkənin münasibətləri enerji, yaxud digər iqtisadi faktorların fövqündə olan münasibətlərdir və hər iki ölkənin milli maraqlarının qorunmasına xidmət edir".
Rusiya məsələsinə də toxunan millət vəkili bildirib ki, Rusiya Türkiyənin enerji bazarında ən əsas tərəfdaşlarından biridir və son hadisələrdən sonra da belə olaraq qalır: "İki ölkə arasında əvvəlki mehriban münasibətlərin yenidən bərba olnuacağına dair mənim heç bir şübhəm yoxdur .Sadəcə, bir qədər zamana ehtiyac var. İki böyuk qonşumuz arasında münasibətlərin yaxşılaşması Azərbaycanın da maraqlarına cavab verir və bizim xeyrimizədir".
"Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçilik məsələsi də nəzərdən keçirilə bilər"
Siyasi şərhçi Arzu Nağıyev isə Türkiyənin baş nazirinin ölkəmizə səfərinə şərh verdi. Arzu Nağıyev qeyd edib ki, Əhməd Davudoğlu seçkilərdə baş nazir təyinatından sonra ilk səfərini Kiprə, ikinci səfərini də Azərbaycana edib: "Rəsmi məlumatlardan belə nəticə çıxarmaq olar ki, iki ölkə rəsmilərinin görüşləri zamanı əsas məsələ birgə enerji layihələrinin müzakirəsi olacaqdır. Burada əsas diqqət TANAP layihəsi ilə bağlıdır. Məlumdur ki, bu layihənin məqsədi Azərbaycan qazının Türkiyəyə və oradan da Avropaya ötürülməsidir. Düşünürəm ki, Rusiya ilə yaranmış vəziyyətlə əlaqədar da Davudoğlunun Azərbaycan rəhbərliyi ilə müzakirələri olacaqdır.
Təbii ki, burada Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçilik məsələsi də nəzərdən keçirilə bilər. Bundan başqa digər iqtisadi, siyasi, o cümlədən yükdaşımalarla bağlı məsələlərin müzakirəsinin aparılması istisna deyil. Həmişə olduğu kimi, regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində də müvafiq fikir mübadiləsi aparılacaqdır".
"Cəmi bir neçə ildən sonra SOCAR Türkiyə bazarında ən böyük investora çevriləcək"
İqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə isə, "Türk Axını" ilə bağlı Rusiya tərəfinin açıqlamasına görə bu layihə artıq dondurulmuş layihələr sırasına daxil edilib: "Təbii ki, bu da Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti ilə əlaqədardır. Müəyyən zaman keçdikdən sonra 2016-cı ildə bu əlaqələrdə bir dönüş, istiləşmə olarsa, yenidən danışıqların baş tutacağını zaman göstərəcək. Azərbaycanla Türkiyə arasındakı enerji layihələrinə gəlincə, bu layihələr təkcə qaz layihəsi ilə kifayətlənmir. Hansı ki, "Şahdəniz-2" layihəsi çərçivəsində 2018-ci ildə hasil ediləcək qazı Türkiyə bazarına çatdıracaq. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyədə Azərbaycanın çox böyük enerji layihələri həyata keçirilir. Bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi onlarla yerində tanış olub. Söhbət "STAR" neft emalı zavodu"nun tikintisindən, 2016-cı ilin martında birinci hissəsi istifadəyə veriləcək PETKİM limanının istifadəsindən gedir. Bundan başqa Türkiyənin enerji bazarında SOCAR-ın fəaliyyətinin genişləndirilməsi də gələcəkdə nəzərdə tutulan layihələr sırasındadır. Cəmi bir neçə ildən sonra SOCAR Türkiyə bazarında ən böyük investora çevriləcək. Artıq Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkətinin bazar qiyməti 10 mlrd. dollardır. Bu, çox sevindirici məlumatdır. Getdikcə şirkətin bazar qiymətinin artması, orada fəaliyətinin genişləndiriməsi, Azərbaycan və Türkiyə arasında enerji əlaqələrinin artması iki ölkə arasındakı əlaqələrin genişləndiyinin göstəricisidir. Onu da qeyd edim ki, hazırda Azərbaycan Türkiyə bazarına 6 mlrd. kuba yaxın qaz ixrac edirsə, 2018-ci ildən başlayaraq bu həcmi 100 faiz artmasına nail ola bilər. Bununla da bu sahədə Türkiyənin Rusiyadan asıllığı tamamilə yox olar".
Qeyd edək ki, Əhməd Davudoğlunun səfərin ilk günü Prezident İlham Əliyevlə, baş nazir Artur Rasi-zadə ilə görüşləri nəzərdə tutulub. Rəsmi səfər dekabrın 4-də başa çatacaq.
İntizarə Məmmədova