Bildiyimiz kimi, 30 noyabr - 4 dekabr tarixində Namibiya Respublikasının paytaxtı olan Vindhuk şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Sessiya çərçivəsində Ermənistanın təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" nominasiya faylı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilməyərək, Ermənistan tərəfinə geri qaytarılıb. Azərbaycanın təqdim etdiyi "Lahıc misgərlik sənəti" nominasiya faylı isə nümunəvi model kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyri-Maddi Mədəni İrs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndə heyəti çıxış edərək, Komitəyə, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd etmiş, Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək, Azərbaycan tərəfini məsələnin siyasiləşdirməsində ittiham etmişdir.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın, həmişə olduğu kimi, yenidən təxribata, nominasiya faylının YUNESKO tərəfindən qəbul edilməməsini gizlətmək üçün, həmişə olduğu kimi, Azərbaycanı provokasiya və şantaja cəlb etdiyini bildirib.
V.Eyvazzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. O, qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, YUNESKO-nun müvafiq konvensiyasının prinsiplərinə və Komitəyə hörmət edir.
Keçən il də Ermənistan tərəfindən Komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını Komitə iştirakçılarına xatırladaraq, V.Eyvazzadə Ermənistanın YUNESKO-ya Köçəri faylının təqdim etməsinin Azərbaycanın qədim regionu Naxçıvana olan işğalçılıq iddiaları ilə bağlı olduğunu diqqətə çatdıraraq və çıxışının yekununda Ermənistan tərəfinin dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.
ZÜMRÜD