Ətraf mühitin mühafizəsi dünya əhalisinin sağlam həyat tərzinin qurulmasında və inkişafında önəmli rola malikdir. Ekoloji problemlərin həll olunması insanların sağlam yaşaması, gələcək nəsillərin bəşəriyyətə faydalı ola bilməsi üçün vacibdir. Ekologiya ətraf mühitin tarazlığını, bu tarazlığın pozulmasına təsir edən təbii amillər, antropogen və fiziki prosesləri öyrənən elmdir. Bu elm bütün dünya ölkələri tərəfindən çox ciddi şəkildə öyrənilir və ixtisaslı kadrlar yetişdirilir. Ətraf mühit isə insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı və cansız təbiətin məcmusudur. Buna baxmayaraq, insanlar onu əhatə edən təbiətin mühafizəsini həyata keçirməyə borcludur. Çünki ətraf mühitə biganə yanaşılarsa, təbiət elə məhz insanların günahı ucbatından bərbad hala qalar ki, bu da getdikcə onun məhv olmasına gətirib çıxara bilər. Məlumdur ki, XIX əsrin sonlarında elmin inkişafı nəticəsində ətraf mühitə təsirlər də artıb və bunun nəticələri XX əsrdə özünü göstərməyə başlayıb. İnsanlar artıq ətraf mühitin məhv olduğunu görərək bu istiqamətdə ciddi addımlar atmağa qərar veriblər. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bununla bağlı qərarlar qəbul etməyə başlayıblar. 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. O gündən sonra müasir dövrümüzədək bu məsələlərə xüsusi önəm verilir, lazımi istiqamətlər üzrə işlər aparılır. Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da ekologiyanın mühafizəsinə ciddi yanaşılır. Dünya Ətraf Mühitin Mühafizəsi Günü hər il ölkəmizdə geniş qeyd olunur. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət başçısı 2010-cu ili Azərbaycanda "Ekologiya ili" elan edib. "Ekologiya ili"ndə ölkəmizdə milyonlarla ağac əkilib, yeni parklar salınıb, ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması istiqamətində çoxlu işlər həyata keçirilib. Prezident İlham Əliyevin özünün də kampaniyalarda iştirakı ölkəmizdə ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir.
Heydər Əliyev Fondu da ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əvəzedilməz layihələr həyata keçirib
Bu sahənin daha da inkişaf etdirilməsi üçün respublikada həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi və "Azərmeşə" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə ləğv edilib və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə" təsdiq edilib. Əsasnaməyə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlikdən verilən məlumata görə, qurum yaranandan sonra Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində işlər daha da genişləndirilib, böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə atmosfer havasının, yerin təkinin, su, torpaq, balıq ehtiyatlarının, məişət, istehsalat tullantılarının, floranın, faunanın və digər ehtiyatların mühafizəsində əməli işlər həyata keçirilib. Atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davamlı şəkildə aparılıb, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilib, operativ və rejim məlumatları hazırlanaraq onların yayımlanması təmin edilib. Bioloji müxtəlifliyin qorunması, meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması, yaşıllıqların salınması, balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi istiqamətində vacib işlər aparılıb.Geoloji-kəşfiyyat işləri, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi məqsədilə dövlət ekspertizasının fəaliyyətində önəmli nailiyyətlər əldə olunub. Heydər Əliyev Fondu da ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əvəzedilməz layihələr həyata keçirib. Fondun "Hərəmiz bir ağac əkək" layihəsi ölkəmizdə ekoloji tarazlığın qorunmasında böyük uğurlara imza atıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərin həllinə böyük əhəmiyyət verildiyini göstərir. Ötən il beynəlxalq fəaliyyət sahəsində Azərbaycanın səyi nəticəsində BMT-nin "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"sı (Espoo) çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilib və Konvensiyanın implementasiya komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilib. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilib.
2014-cü ildə, həmçinin Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanıb.
Ölkə rəhbərliyinin İran İslam Respublikasına səfəri çərçivəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu"u imzalanıb.
"Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" layihəsi qarşı tərəf, eləcə də aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.
Ətraf mühitin mühafizəsində cəmiyyətin də böyük rolu var
IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin iştirakı ilə Heydər Əliyev Mərkəzində beynəlxalq ekoloji QHT nümayəndələri, beynəlxalq mütəxəssislər, Qafqaz regionundakı tərəfdaşların və yerli akademiklərin qatıldığı Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) keçirilib. Ötən il Azərbaycan dövlət kateqoriyasında Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) qoşulub. Bakı şəhərində "Mərkəzi Asiya və Qafqazda Balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"nın 3-cü iclası keçirilib. Nyu-Yorkda BMT-nin Baş katibi Pan Ki Munun təşəbbüsü ilə BMT-nin Baş Qərargahında təşkil olunmuş Yüksək Səviyyəli İqlim Sammitində Azərbaycanın nümayəndə heyəti iştirak edib. Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən "Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi" imzalanıb. "Bakı Ekspo Mərkəzi"ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE 2014") sərgisi keçirilib. Aşqabadda keçirilmiş "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın (Tehran Konvensiyası) Tərəflər Konfransının 5-ci iclası zamanı Konvensiya Katibliyinin 2015-ci ildən Azərbaycanda yerləşdirilməsi və növbəti sessiyanın Bakı şəhərində keçirilməsi qərara alınıb. Region və inkişaf etmiş dövlətlərin analoji qurumları, eləcə də beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsi və daha da inkişaf etdirilməsi məqsədilə hüquqi sənədlər hazırlanıb və razılaşdırılma prosesləri həyata keçirilib. Onu da qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mütəmadi olaraq ölkənin regionlarına səfər edir və yerli sakinlərlə görüşür. Görüşlərdə vətəndaşların ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı şikayət və təklifləri dinlənilir, müraciətlərinə baxılır. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verir. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülür və onların bir hissəsi elə yerindəcə öz həllini tapır. Ətraf mühitin mühafizəsində dövlət qurumları ilə yanaşı, cəmiyyətin də böyük rolu var. Bu baxımdan insanların maarifləndirilməsi xüsusi önəm daşıyır. Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi haqqında cəmiyyətə mütəmadi olaraq məlumatlar verilir və maarifləndirmə işləri aparılır. Yerli mətbuatda bu istiqamətdə çatışmazlıqlar qabardılır və aidiyyəti qurumlar məlumatlandırılır. Görülən işlərin mediada işıqlandırılması insanların məlumatlı olması və maarifləndirilməsi məqsədi daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində olan idarələr respublikanın hər yerində lazımi tədbirlər həyata keçirir, sakinlərin ətraf mühitin mühafizəsi üçün aparılan məqsədyönlü işlərə dəstək vermələrini təmin edir. Sonda bildirək ki, hər birimiz sağlam gələcək və inkişaf üçün ətraf mühitin qorunmasına yardımçı olmalı, aidiyyəti orqanlarla yaxından əməkdaşlıq etməliyik.
Elgün Vidadioğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün