Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dekabrın 6-da rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər
XX əsr və XXI əsrin əvvəli dünyada rabitə və informasiya texnologiyalarının dinamik inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycanda da bu dövr ərzində rabitə yüksək inkişaf səviyyəsinə çatmışdır. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi zamanı bir çox sahələrlə yanaşı, rabitə də sürətlə inkişaf etmişdir. Azərbaycanda rabitənin ən sürətli inkişaf dövrü də məhz ötən əsrin 70-ci illərinə təsadüf edir. Heydər Əliyevin birbaşa tapşırığı ilə 1974-cü il avqustun 30-da "Bakı şəhərində telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul edilmişdi. Qərarda 1980-ci ilin axırınadək Bakıda əhalinin hər 100 nəfərinə düşən telefonların sayını azı 15-ə çatdırmaq, 1974-80-ci illərdə 164.000 nömrəlik avtomat telefon stansiyaları tikmək barədə tapşırıqlar verilmiş və bu tapşırıqlar yerinə yetirilmişdi.
Bakıda Dəmir yolu yanı Poçtamt binasının, Rabitə Evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə Teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni Teleqüllənin layihəsi təsdiq edilib. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Onun diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verilib.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin inkişafı geniş vüsət almışdır. Bunun nəticəsidir ki, hazırda regionun lider dövləti olan Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir. Heydər Əliyevin 2003-cü il fevralın 17-də imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir. Azərbaycan Cənubi Qafqazda bu sahə üzrə milli strategiya qəbul edən ilk ölkə olmuşdur.
Son illər ərzində Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İKT sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə artım tempini bir neçə dəfə üstələyir. Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı Ümummilli Liderin siyasi kursunu davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib.
Son 10 ildə AzDataCom şəbəkəsinin yaradılması və idarə olunması, Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması, "Elektron Hökumət" portalı infrastrukturunun yaradılması və və inkişaf etdirilməsi, elektron xidmətlərin portala inteqrasiyası, Mobil Cihazların Qeydiyyat Sisteminin istismara verilməsi, sellülar (mobil) nömrə daşınması xidmətinin hazırlanaraq iştismara verilməsi və sair kimi önəmli layihələr həyata keçirilmişdir.
Bütün bunlar göstərir ki, ölkə başçısının diqqət və qayğısı ilə rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, vətəndaşlarımızın hər bir sahədə informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.
Sürətlə inkişaf edən yüksək texnologiyaların daha geniş tətbiq olunmasını təmin etmək məqsədi ilə geniş imkanlara malik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkili ölkə vətəndaşlarına müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnmək imkanları yaradılması baxımından əhəmiyyətli olmuşdur. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi respublikamızda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)", regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının uğurla icra edilməsi bu sahənin uğurları hesab olunur.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. "Azərspace-1" peyki orbitə çıxarıldı. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident Cənab İlham Əliyev yeni texnologiyaların tətbiqinin vacibliyini önə çəkərək bu gün Azərbaycanın artıq kosmik sənayeyə malik olan ölkə olduğunu vurğulayıb. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Bütün bunlar göstərir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarılması planlaşdırılır. Ümumilikdə, qarşıdakı illərdə Azərbaycan dörd peykə sahib olacaq. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Artıq bu sahənin uğurlu inkişafıdır ki, neçə illərdir "BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ölkəmizdə keçirilir. Bu günlərdə açılışı olan olan "BakuTel - 2015" 21-ci Azərbaycan Beynəlxalq Sərgisində Azərbaycan son nailiyyətlərini nümayiş etdirir. Burada "Elektron hökumət", "Azərkosmos" ASC-nin stendi portalı və s. təqdim olunur. Qeyd edək ki, 2012-ci ildən fəaliyyətə başlayan "Elektron hökumət" portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla, vətəndaşlara ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son iki il ərzində istifadəçilərin sayı 10 dəfə artaraq 2,5 milyona çatıb. Ötən ildən elektron arayışların verilməsinə də başlanılıb. Bu sərgidə Azərbaycanın son yenilikləri, bu sahədə əldə etdiyi nailiyyətləri sərgilənir.
Göründüyü kimi, Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənir. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər davamlı olaraq həyata keçirilir. Belə bir inkişaf dövrü yaşadığımız zamanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə 6 dekabr tarixində peşə bayramını qeyd edirlər.
Nəzakət ƏLƏDDİNQIZI