PDF Oxu

Sosial

  • 17

Türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqinin nadir əlyazma divanı nəşr edilib

Türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqinin nadir əlyazma divanı nəşr edilib

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin Bakıda yeni tapılan əlyazma "Divan"ı Azərbaycan Milli Elmlər Aklademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitrutunun Elmi Şurasının qərarı ilə "Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr olunub. Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan, yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılan nadir kitabın yeni nəşridir. Əsəri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri aşkar edib üzə çıxarmışlar.

Əsər elmi redaktor AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəylinin "Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı geniş həcmli ön sözü ilə açılır. Böyük mütəfəkkir şairin yaradıcılığını və onun Azərbaycan ədəbiyyatı ilə əlaqələrini ətraflı təhlil edən akademik İsa Həbibbəyli qədim və zəngin ənənələrə malik olan türkmən xalqının qüdrəti söz ustadı Məhtimqulu Fəraqini türk dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli böyük türkmən şairi Məhtimqulu Fəraqinin köçəriliyin etnoqrafik çalarlarını deyil, məşəqqətlərini yazan və öz xalqı üçün çətinliklərlə dolu birlik dastanı yaradan, bu yolla ilk növbədə vətəni Türkmənistana, bütövlükdə isə türk dünyasına və insanlığa xidmət edən qüdrətli sənətkar olduğunu qeyd edib.

AMEA Əlyazmalar İnstitutunun Fondunda Məhtimqulu Fəraqinin iki divanının əlyazmasının qorunub saxlanılmasını ölkələrimiz və xalqlarımız arasındakı dərin tarixi köklərə malik olan münasibətlərin daha bir nümunəsi kimi dəyərləndirən akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə yeni nəşrin meydana çıxmasında əlyazmaşünas və ədəbiyyatşünas alimlərin xidmətlərini yüksək dəyərləndirib.

Kitabda Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun "Məhtimqulu Divanının yeni nüsxəsi" və Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı İsmixan Osmanlının "Məhtimqulu Fəraqi Divanının nüsxələri" adlı məqalələri də yer alıb ki, burada görkəmli şairin yaradıcılıq yolu və divanı haqqında ətraflı məlumatlar verilir.

Tədqiqatçı İsmixan Osmanlı tərəfindən nəşrə hazırlanan əsərin rəyçiləri AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur

Kərimli, Türkmənistan EA-nın müxbir üzvü Annaqurban Aşırov və filologiya elmləri doktoru Məmməd Əliyevdir. Divanın mətni filologiya elmləri doktoru Paşa Kərimov, Türkmənistan Milli Əlyazmalar İnstitutunun elmi işçiləri Rəhmanberdi Qodarov və Rahimmammet Kurenov tərəfindən transliterasiya olunub.

Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri Məhtimqulu Fəraqinin seçilmiş əsərlərindın ibarət olan nadir "Divan"ının ilk dəfə Bakıda nəşr edilməsi yeni tarixi mərhələdə yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə dəyərli töhfədir.

R.KAMALQIZI

Digər xəbərlər