Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Azərbaycan səhiyyəsində bir sıra istiqamətlər üzrə islahatlar aparılır, dövlət proqramları reallaşır. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından dövlət büdcəsində səhiyyə xərcləri 10 dəfədən çox artıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib.
Göründüyü kimi, ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. Belə uğurların olduğu zamanda keyfiyyətsiz dərman peraparartarının satışa çıxarılması və qiymətlərin baha olması hallarına təsadüf olunurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmazlıqların aradan qaldırılması məqsədilə geniş tədbirlər həyata keçirilib. 2015-ci il sentyabr ayının 15-dən başlayaraq artıq bu qərar tətbiq olunmağa başlanılıb və tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti aşağı düşüb. Tarif Şurası tərəfindən təsdiqlənmiş dərman vasitələrinin qiymətlərinə nəzər saldıqda, dərman preparatlarının qiymətlərinin bu vaxta kimi mövcud olan qiymətlərindən 2-3 dəfə və hətta daha çox aşağı salındığının şahidi oluruq. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi hələ də davam etdirilir. Ümumilikdə, indiyədək Tarif Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 2261 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.
Göründüyü kimi artıq ölkə başçısının tapşırığına əsasən, başqa ölkələrlə müqayisədə Azərbaycanda dərmanların qiymətləri aşağı salınıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar" mesajından sonra qısa müddətdə hər şey həllini tapmış oldu. Azərbaycan Prezidentinin göstərişi ilə bu sahədə olan çox ciddi pozuntuların qarşısı alındı, şəffaflıq təmin edildi.
Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI