Müasir Azərbaycan gəncliyinin müəyyən hissəsi daha çox xaricdə təhsil almağa və həmin ölkələrin adət-ənənələrini, mədəniyyətlərini mənimsəyərək karyeralarını da orada quraraq qalıb yaşamağa meyil göstərirlər. Bunun səbəbi nədir?
Bu suala ekspertlərdən və xaricdə təhsil almış gənclərdən cavab almağa çalışdıq.
Psixoloq Fərəh Quliyeva: "Bəzən gənclərimiz qonşudan geri qalma məsəli çərçivəsində yanaşmalar edirlər"
- Təhsillə bağlı xaricə üz tutan tələbələrimiz çoxdur. Onlar hətta təhsillərini başa vurub orada karyeralarını da qururlar. Ancaq daha yaxşi olardı ki, seçim etməzdən öncə çox düşünsünlər. Xaricdə təhsil mənə nə verəcək, nə üçün karyeramı məhz təhsil aldığım xarici ölkədə qurmalıyam. Burada bir məsələ də var ki, bəzən valideynlər öz övladlarına seçim imkanı vermədən, özləri qərar verirlər. Nəticədə, birdən-birə yad ölkəyə düşən gəncdə adaptasiya problemləri yaranır. Əlavə etsək ki, təhsillə bağlı dərslərin ağırlıq və fərqlilik dərəcəsi, çevrəsinə uyğunlaşma prosesi gənclərin əksəriyyətində gərgin depressiya yarada bilər. Təhsil almaq, aldığın təhsilin elmi-tətbiqini ölkəmizdə həyata keçirmək bizim üçün daha əhəmiyyətli olmalıdır. Azərbaycanda olduqca gözəl təhsil sistemi var, təhsilini uğurla başa vuran tələbələrimiz isə olduqca gözəl karyera qurub vətənə, xalqına yararlı vətəndaş olmalıdırlar.
Təhsil üzrə ekspert Kamran Əsədov: "Ölkəmizin iş bazarında özünə layiqli yer tutmaq istəyən gənclərimizin əksəriyyəti ali təhsillərini xaricdə almağa üstünlük verirlər"
- Son illər xaricdə ali təhsil almaq istəyən gənclərimizin sayı çoxalır. Azərbaycanlı gənclərin ölkə üçün vacib ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il oktyabrın 19-da "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı Haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, hazırlanan və ölkə başçısının 16 aprel 2007-ci il tarixində daha bir Sərəncamı ilə təsdiq edilən "2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Xaricdə təhsil almaq gənclərə ingilis dili və digər dünya dillərinə peşəkar səviyyədə yiyələnmək və öz sahəsini ilk qaynaqdan oxumaq imkanı yaradır. Mən hesab edirəm ki, növbəti 5 ildə xaricdə təhsil artıq kriteriya olacaq. Çünki Azərbaycanda xarici şirkətlər, təşkilatlar çoxalır. Çalışırlar ki, onların mədəniyyətini, təhsilini görmüş adamlarla işləsinlər. Azərbaycanda hal-hazırda yüksək savad və bilik göstəricisi TQDK-nın imtahanlarında yüksək bal toplamaqla ölçülür. Bu gün Azərbaycanda dünya universitetləri formatında, şəraitində ali təhsil müəssisələri yaratmağa ehtiyac var. Düzdür, artıq buna başlanılıb. Məsələn, Diplomatik Akademiya, Bakı Ali Neft Məktəbi artıq dünyanın ən nüfuzlu universitetlərinə bənzəyir. Bundan başqa, Təhsil Nazirliyi "Sabah Qrup"ları yaradıb ki, burda tədris tamam fərqli həyata keçirilir. Amma bunların hamısının ümumilikdə ətrafına topladığı gənclərin sayı, ümumi tələbə sayının heç 1 faizi nisbətində deyil.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun əməkdaşı Rahu Qurbanova: "Düşünürəm ki, hazır beyinlər ölkəmizin inkişafına daha çox fayda verə bilər".
- Mən Almaniyada təhsil almışam. Bu ölkəni seçməkdə mənə həm alman xalqının mədəniyyətinə olan heyranlığım, həm də alman dilini daha dərindən öyrənmək istəyim güclü təkan olub. Orada mənə Almaniya Bundestaqından tutmuş bir sıra yerlərdən iş təklifləri gəlib. Ancaq mən öz dövlətimdə işləməyə üstünlük verdim. Hər bir azərbaycanlı gənc xaricdə qazandığı bilik və təcrübəni ölkəmizin inkişafı yolunda tətbiq etməlidir"
Türkiyə Qazi Universitetinin magistr pilləsi üzrə məzunu Aytək Məmmədli: "Yaxşı təhsil almış gənclərə Azərbaycanın ehtiyacı var".
- Təhsil aldığım ixtisas bizim ölkədə tədris olunmur və buna görə xəyallarımdakı ixtisasdan imtina edə bilməzdim. Məni Türkiyəyə gətirən əsas səbəb Nanotexnologiyadır. Onu da deyim ki, Qazi Universiteti Türkiyədə ən çox ehtiyac duyulan universitetlərdəndir. Burada sevdiyim və vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm. Bu, hazırda dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur. Oxuduğum fakültədə laborant kimi çalışıram. Bundan başqa Türkiyənin Baş Nazirliyində Siyasət və Beynəlxalq Münasibətlər dərsi almışam və təcrübə proqramında iştirak etmişəm. Hal-hazırda burdan aldığım çox iş təkliflərindən imtina edib, Azərbaycana köçməyi düşünürəm. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxşı şəkildə bu ixtisası tədris etmək və ya ölkəm üçün bu işin uğur gətirəcəyi başqa bir profildə çalışmaq istəyirəm. Bu gün xaricdə təhsil alan gənclər prioritet ixtisaslar seçməlidirlər ki, vətənimiz və millətimiz üçün ən yaxsısını edə bilsinlər.
Tofiq Rəfailoğlu