İşğalçı ölkə 2016-cı ilə sosial partlayış, uğursuz dövlət siyasəti ilə gedir
Getdikcə həm siyasi, həm də iqtisadi cəhətdən iflic halına düşən Ermənistanda son vaxtlar su və qazla yanaşı, ölkənin idarəetmə quruluşunda da ciddi problemlər yaranıb. Dekabrın 6-da keçirilən referendumdan sonra ölkədə vəziyyət daha kəskin hal alaraq, artıq əhali oturaq aksiyaları davam etdirməkdədir.
Ermənistanda yaranmış gərginliyin iqtisadi aspektlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı, erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxaracaq.
Bu isə, öz növbəsində ölkədə mövcud olan siyasi böhranın sosial partlayışla müşayiət olunacağını istisna etmir.
Ermənistan parlamentinin deputatu Lilit Qalstyan 2016-cı il üçün qəbul edilmiş dövlət büdcəsinin dövlətin məhvinə yol açan büdcə olduğunu bildrib: "Bütün bu problemlərin baş verməsinin səbəbkarı Serj Sarkisyanın Konstitusiyaya qarşı çıxmasıdır. Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür. Bu səbəbdən, hesab edirəm ki, bizdə avtoritar rejim mövcud olduğu üçün Sarkisyana məxsus olan Konstitusiyaya da ehtiyac yoxdur. Çünki ölkədə Konstitusiyaya əməl olunmur, əgər belə olmasaydı Serj öz hakimiyyətini düşünərək, Konstitusiyaya dəyişikliklər etməzdi".
Ermənistanın dövlət büdcəsi optimizm üçün zəmin yaratmır
"Ermənistan iqtisadiyyatı ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra ciddi zərər görüb". "SƏS" qəzeti "NEWS.am" saytına istinadən bu fikri iqtisadiyyat elmləri doktoru, Ermənistan Dövlət Universitetinin iqtisadiyyatın nəzəriyyəsi kafedrasının rəhbəri Mikael Mikaelyan deyib.
Onun sözlərinə görə, Qərb sanksiyalarının Ermənistan iqtisadiyyatının çox asılı olduğu Rusiyaya qarşı sanksiyalarının nə qədər davam edəcəyi məlum deyil: "Bu il Ermənistan ixracatının həcmi kiçilib, vətəndaşların alıcılıq səviyyəsi aşağı düşüb. Rusiyadan köçürmələr əhəmiyytəli dərəcədə azalıb. Dövlət borcu artıb. İqtisadiyyat heç də yaxşı vəziyyətdə deyil".
Onun sözlərinə görə, defisitin kəskin artması səbəbindən, Ermənistanın 2016-cı ilə olan dövlət borcu "optimizm üçün əsas yaratmır".
Rusiya, Belarus və Qazaxıstanın da daxil olduğu Gömrük İttifaqının bazasında yaradılan birliyin yaradılması haqda razılaşma 2014-cü il mayın 29-da imzalanıb və 2015-ci il yanvarın 1-dən qüvvədədir. Bu gün təşkilatın üzvləri sırasına Ermənistan və Qırğızıstan da daxildir.
"Qərbin Rusiya ilə qarşılıqlı aksiyalarının Ermənistana təsiri gələn ildən tez olmayacaq". Bu barədə Ermənistan iqtisadiyyat naziri Karen Çşmarityan ötən həftə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Qərb və Rusiyanın qarşılıqlı sanksiyaları zamanı vəziyyətin gərginləşməsi zəminində Rusiya ilə bu və ya digər iqtisadi əlaqələri olan digər ölkələr kimi Ermənistana da təsirsiz ötüşməyəcək"- deyə Çşmarityan bildirib.
Digər ölkələri də qeyd etməklə ictimaiyyəti sakitləşdirməyə çalışan nazir nədənsə Ermənistan iqtisadiyyatının sərhəd ölkə olmayan Rusiyadan asılılığından danışmayıb.
Nazir dəyə biləcək ziyanı da hesablamaqdan boyun qaçırıb. O qeyd edib ki, rəqəmlər sanksiyaların davamlı gedişi zamanı acınacaqlı ola bilər.
Ermənistannı "Qraparak" qəzetinin yazdığına görə, Serj Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları, hələlik dibsiz təsir bağışlasa da, günlərin birində siyasi kolliziya və sosial partlayış qaçılmazdır. Onda yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, yaxud üsyana əl ataraq Cənubi Qafqazda böyük təhlükə mənbəyinə çevrilmiş məkan yarada bilərlər yox, artıq bu proses baş verir. Ermənilər hətta yeni il ərəfəsində belə, ölkəni tərk etmək barədə düşünməkdə davam edir. Artıq erməni diasporu da Ermənistana və Dağlıq Qarabağa yardım etməyi rədd edir. Nəticədə, xalq hətta yeni il ərəfəsində belə, ölkəni tərk etmək barədə düşünməkdə davam edir. Qarnı tox, gözü dolusu yaşamaq üçün...
Bütün bunlar bir daha Ermənistanın mövcud hakimiyyətinin idarəçilikdə tam repressiv metodlara üstünlük verdiyinin əyani göstəricisi hesab olunur.
Beləliklə, proseslərin inkişaf istiqaməti 2016-cı ilin də Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.
A.SƏMƏDOVA