Cəmiyyətin inkişaf etdiyi zamanda insan idrakının gücü ilə əldə olunan kəşflər bəzi hallarda cəmiyyətin özünə, yer üzünün insanlarının kütləvi şəkildə məhv olunmasına doğru yönəlir. Çox zaman fərqinə varmadan törədilən hadisələr canlıların ən ləyaqətlisini insan qatilinə çevirir. Özü də ən zərif məxluqu olan qadını. Ana dərinə varmadan övlad qatili olur. Bu, hamilə qadınların uşaqalması ilə əlaqədardır. İllərdir davam edən prosesin nəticələri təhlükə doğursa da qarşısıalınmazdır. Ana bətnində olan uşaqların cinsi müəyyən edildikdən sonra məhv olunur. Hər bir insanın hüququ vardır, hətta ana bətnində hələ rüşeym halında olan körpənin də. Həm hüquqi, həm də dini baxımdan bu hal yolverilməzdir. Sivilizasiyalı bir dövrdə yaşadığımız zamanda bunun baş verməsi nə dərəcədə məqsədəuyğundur?
Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə təkcə müsəlman ölkələrində deyil, artıq Qərbdə də valideynlərin əksəriyyətini doğulacaq körpəsinin cinsi çox maraqlandırır. Avropa və Amerika ölkələrində də ailələrin çoxu ilk doğulan uşağın oğlan olmasını istəyirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə son 10 ildə dünyada oğlan uşaqları qızlardan daha çox doğulurlar. Tədqiqatların nəticələrinə görə, körpə oğlanlar Kanada, ABŞ, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daha çox doğulurlar. Statistikaya nəzər salsaq, görərik ki, hələ ötən əsrin ortalarında Nyu-York şəhərində doğuş ilə əlaqədar 26,1 faizi qadın uşaqsalma nəticəsində dünyasını dəyişib. On il ərzində bu rəqəm 42,1 faizə çatmışdır.
Son illər Azərbaycanda yeni doğulmuş oğlan uşaqlarının sayının qızlara nisbətən xeyli çox olduğu bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına istinadən, körpənin 54,1 faizini oğlan, 45,9 faizini isə qız uşağı təşkil edir. Etiraf edək ki, ötən əsrin 40-cı illlərindən başlayaraq son illərə qədər Azərbaycan əhalisinin cins üzrə bölgüsündə qadınlar kişilərdən üstünlük təşkil edib. Əgər bu belə gedərsə, bir neçə ildən sonra Azərbaycan əhalisinin cins üzrə bölgüsündə kişilər qadınları üstələyəcək.
Mütəxəssislərin fikrincə, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələr daha çox təsir göstərir. Səhiyyə Nazirliyinin Ailə Planlaşdırılması Mərkəzinin məlumatına görə, son illər Azərbaycanda ultrasəs müayinəsi (USM) getdikcə daha çox tətbiq olunmaqdadır. Müayinəyə gələn hamilə qadınların 80 faizinin məqsədi körpənin cinsini müəyyənləşdirməkdən ibarətdir. Körpənin cinsini müəyyən etmək üçün ultrasəs müayinə aparatına müraciət edənlərin sayı xeyli artıb. Müraciət edən qadınların əksəri də körpənin oğlan olub-olmaması ilə maraqlanır. Qız uşaqlarının ana bətnindəykən məhv edilməsi təkcə Azərbaycanın problemi deyil. Cenevrədə fəaliyyət göstərən QHT-nin yaydığı "Qadınlar təhlükəsiz dünyada" adlı hesabatında belə son 10 ildə yer üzündə ən azı 60 milyon qızın hələ ana bətnində olanda məhv edildiyi məlum olub. Müayinə zamanı uşağın qız olduğu bilinəndə, onların məhv edilməsinə daha çox Afrikada, Çində, rast gəlinib. Çində 100 qıza qarşı 119 oğlan doğulur. Ancaq bioloji olaraq 100 qız uşağına 103 oğlan düşməlidir.
UZİ müayinəsindən sonra isə valideynlər oğlan uşaqlarının dünyaya gəlməsinə sevinir, qız uşaqları isə bir qayda olaraq, ana bətnində ikən kobud səslənsə də məhv edirlər. Hər il demək olar ki, Azərbaycanda 30 minə yaxın belə hal baş verir.
Bunun qarşısının alınması "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsində bu öz əksini tapıb. Qanun layihəsinə əsasən, bu uşaqsalmanın miqdarının azalması ilə nəticələnəcək və çox güman ki, yaxın gələcəkdə dərəcələr üzrə yeni doğulacaq oğlan və qızların sayı bərabərləşəcəkdir. Qanun layihəsində əks olunan müddəaya görə, həkimlər hamiləliyin ilk üç ayında valideynlərə yeni doğulacaq körpələrin cinsi mənsubiyyəti barədə məlumat verməkdən imtina etməlidirlər.
İslam dininə görə, Allahın verdiyi canı bəndənin alması günah sayılır. Allahın bəndəsinin canına qəsd edən hər kəs axirət düyasında cavab verməli olacaq. Dinimizdə övladları arasında ayrı-seçkilik salan insanlar Allah qarşısında günah sahibi hesab olunur. Mövcud vəziyyətin qarşısı alınmasa, qarşıdakı 10-15 ildə oğlanlarla qızlar arasında balans tamamilə pozulacaq və hər bir qıza təxminən 4-5 oğlan düşəcək. Azərbaycanda bu sahədə tarix boyu tarazlıq olub. Tarazlığın pozulmaması üçün müvafiq tədbirlər həyata keçirmək labüddür. Əks halda, mütəxəssislərin fikrincə, Azərbaycanda kifayət qədər ciddi demoqrafik bir problem yaşana bilər. Bir çox dövlətlər kimi, qız uşaqlarının sayı azaldığına görə valideynlərin stimullaşdırılmasına da ehtiyac var. 2016-ci ildən başlayaraq 2-ci, 3-cü qız uşaqlarına görə kompensasiyalar veriləcək. Belə ki, qız dünyaya gələn zaman valideynləri vəsaitin bir hissəsini, orta məktəbə gedən zaman bir hissəsini, universitetə daxil olanda isə digər hissəsini alacaq. Həmin vəsaitlər qızın adına açılmış bank hesabına köçürülməlidir. 2016-ci ildən başlayaraq bunun reallaşması mümkün olacaq. Bu da genefond üçün yaranacaq təhlükənin qarşısının alınmasında görülən tədbirlərdədir.
Nəzakət ƏLƏDDİNQIZI