PDF Oxu

Sosial

  • 20

Ermənistanın iqtisadiyyatı iflic vəziyyətdədir

Ermənistanın iqtisadiyyatı iflic vəziyyətdədir

Baş verən son hadisələr ölkəni məhvə aparır

Müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən şəxsin gördüyü iş və xalqına, vətəninə məhəbbətidir. Bu gün Ermənistanda hökm sürən ağır iqtisadi və siyasi durum işğalçı ölkəyə rəhbərlik edən qaniçən və cinayətkar Serj Sarkisyanının əsl simasıdır desək, daha obyektiv olar. İşğalçı ölkədə aparılan rəy sorğuları da bunu sübut edir. Belə ki, "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi fonunda ölkə hakimiyyətindən narazılıq daha böyük sürətlə artmaqdadır: "Aparılan son rəy sorğuları bir daha göstərir ki, əhalinin 78 faizi Serj Sarkisyan iqtidarının hakimiyyətdən getməsini istəyir. Bunu şərtləndirən əsas səbəblər isə təkcə sosial-iqtisadi amillər yox, eyni zamanda dekabrın 6-da referendumun keçirilməsi və siyasi repressiya dalğasının genişlənməsidir. Növbəti dəfə xalqın qanı bahasına prezidentlik müddətinin uzadılması ölkənin birdəfəlik yer üzündən seçilməsi deməkdir".

Qəzet yazır ki, referendumun keçirilməsindən sonra iqtisadiyyatı böhran keçirən və uçuruma yuvarlanmaqda olan Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. Rusiyanın yaxın dostu Ermənistana satdığı məişət qazının qiymətini bahalaşdırması ölkədə əhaliyə satılan təbii qazın və elektrik enerjisinin qiymətinin artmasına təkan verməkdədir. Erməni iqtisadçılar qazın İrandan alınmasının daha ucuz başa gələcəyi barədə ölkə rəhbərliyinə məlumat versələr də, onların təklifi qəbul olunmayıb.

Levon Keşayan: "Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir. Əks halda Ermənistanın məhvi qaçılmaz olacaq"

2016-cı ilə problemlərlə daxil olan Ermənistanda ölkəni tərk edənlərin sayı daha çoxalıb. Belə ki, mavi yanacağın qiymətinin artırılması ilə bağlı əhali arasında keçirilən sorğuda iştirak edənlərin 58 faizi "Qazın qiyməti qalxarsa, nə edəcəksiniz" sualına "Ermənistandan gedəcəyik" cavabını verib.

Ermənistanın tanınmış yazıçısı Levon Keşayanın ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq ona dövlət tərəfindən verilən mükafatı almaqdan imtina etməsi də bu fonda xüsusi diqqət cəlb edir. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalında yazıçının vətən qarşısındakı xidmətlərinə görə bir sıra həmkarları ilə yanaşı ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, L.Keşayan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə tədbiri boykot edib. Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı səviyyəsiz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, çoxlu sayda erməninin doğma vətənini tərk edərək xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq belə bir addım atıb. L.Keşayan deyib ki, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisdiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib.

2015-ci ildə Ermənistanı minlərlə insan tərk edib

Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi, dəyişməz olaraq qalıb. "Aykakan Jamanak" qəzeti yazır ki, insanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər: "Ermənistanın dövlət statistika komitəsinin məlumatına görə, ötən il ölkəni bir milyondan çox erməni ölkəni tərk edib".

"Köməksiz İnsanlar" İctimai Birliyinin sədri Tatevik Becanyan yerli mətbuata açıqlamasında bildirib ki, son dövrlərdə Ermənistandan gedənlər ölkəyə gələnlərlə müqayisədə çoxluq təşkil edir. QHT sədri ermənilərin 73%-nin Rusiyaya, qalanlarının isə ABŞ, Ukrayna və s. digər ölkələrə üz tutduqlarını deyib: "Ən az köç marşrutu Hollandiya, Belarus, Türkiyə, Belçika və Gürcüstan üzrədir. Köç edənlərin 77%-ni kişilər, 23%-ni isə qadınlar təşkil edir. 26-35 yaş qrupunda olanlar 30%, qalanları isə 46-55 və 36-45 yaş qrupunda olanlardır".

"Regnum" agentliyinin baş redaktorunun müavini Vigen Akopyanın ermənilər və Ermənistana həsr edilmiş analitik yazısında yazır ki, müasir ermənilər üçün millətlə dövlətin münasibəti aydın deyil: "Ümumiyyətlə, ermənilərin dünya üzrə sayı 10 milyondursa, Ermənistanda 2 milyondan az erməni yaşayır. Yəni dünyanın müxtəlif guşələrinə səpələnmiş ermənilərin sayı erməni dövlətində yaşayanlardan 4-5 dəfə çoxdur?

Göründüyü kimi, bütün bunlar Ermənistanda sosial narazılıqları daha da artırır və bu günün reallığından baxanda Ermənistan geniş okean sularında yelkənsiz qayığı xatırladır.

A.SƏMƏDOVA

Digər xəbərlər