PDF Oxu

Sosial

  • 31

Tələbələr "Azadlıq" qəzetinə etiraz etdilər

Tələbələr "Azadlıq" qəzetinə etiraz etdilər

Zaman-zaman müxalifət və onların təsir dairəsində olan mətbu orqanları milli və dövlətçilik maraqlarına zərbə vurmağa, insanların üzləşdiyi facilərdən öz mənfəətləri üçün istifadə etməyə fürsət axtarıblar. Bu dəfə də, belə oldu. "Günəşli" yatağında baş verən faciədən bütün xalq sarsıldığı halda müxalifət mətbuatı bu hadisədən bəhrələnməyə və böyük ağalarının maraqlarına uyğun hərəkət etməyə başladılar. Milli maraqlarımızı xarici havadarlarının ayaqları altına atan radikal müxalifət belə çirkin mövqeyinə görə, xalqın müxtəlif təbəqələrinin qınağına tuş gəldi.

Belə ki, bu dəfə Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi "Azadlıq" qəzetinin 11 dekabr 2015-ci il sayında dərc olunmuş "Günəşli" faciəsinin üzə çıxardığı həqiqətlər" və 18 dekabr 2015-ci il tarixli sayında dərc olunmuş "Günəşli"dəki yanğına görə kim məsuliyyət daşıyır" adlı məqalələrə görə üzdəniraq qüvvələrə cavab verdilər: "Məqalə müəllifinin diqqətinə çatdırırıq ki, dünyanın ən nüfuzlu təhsil ocaqlarının məzunları olmuş yüksək ixtisaslı mütəxəssislərin yaratdıqları və istismar etdikləri sənaye obyektlərində də təbiət hadisələrinin təsirindən dəhşətli qəzalar baş verir. Onlardan sığortalanmaq mümkün deyil! Sizləri gələcəkdə qeyri-dəqiq məlumatlar dərc etdirməkdən çəkindirmək məqsədilə, bir sıra məqamlara diqqətinizi cəlb etmək məcburiyyətindəyik.

"Təhlükəsilik üçün heç bir iş görülməyib" demək həqiqətə uyğun deyil. SOCAR-ın Qobustanda Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (belə mərkəz dünyanın yalnız 3 ölkəsində mövcuddur), hər il 60 min işçinin təhlükəsizlik qaydaları haqqında, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar alması yeni texnologiyaların hesabına aparılır. Təbii fəlakətlə (qarşısı alınmayan təbiət hadisəsi) ilə texnogen qəzanın fərqini anlamaq lazımdır. Səbəb - nəticə əlaqələrini qarışdırmaq olmaz. Bir qrup tələbənin "Azadlıq" qəzetinə etiraz cavabında o da qeyd olunur ki, məsələnin mahiyyətinə varmadan, "Kadr hazırlığına vəsait sərf edilməyib" söyləmək qərəzdən başqa bir şey deyil: "İndi neft zəkalı mühəndislərin və texniki işçilərin birgə əməyi hesabına çıxarılır. Neftçıxarma texnologiyası ilbəil mükəmməlləşir, artıq neft fəhlə zəhməti hesabına yox, texniki işçinin kompüter biliyi hesabına çıxarılır. Biz "kadr siyasəti iflasa uğrayıb" ifadəsi ilə razılaşmırıq. Uzun illər "BP Azərbaycan" şirkətinə rəhbərlik etmiş Devid Vudvordun maraqlı bir fikri yada düşür: "Əgər Azərbaycanda neft işini bilən çoxsaylı yüksək ixtisaslı mütəxəssislər olmasaydı, "Əsrin müqaviləsi"ndən və digər layihələrdən irəli gələn möhtəşəm işlərin öhdəsindən gəlmək mümkün olmazdı". Qəza baş verən gündən SOCAR-ın prezidenti, şirkətin bütün səviyyədə olan işçiləri gecələrini gündüzlərinə qataraq qəzanın nəticələrini aradan qaldırmaq və itkin düşənləri axtarmaq istiqamətində çalışmalarının şahidi olduq. SOCAR həmişə işçilərinin qeydinə qalıb: şirkətin hər bir işçisi tibbi sığortaya malikdir, onların sosial məsələlərinin (evlə təmin olunma, istirahətin təşkili və s.) həllinə yüksək diqqət və qayğı var. Fikrimizcə, istənilən mövzuda yazı yazarkən məsuliyyətli olmaq peşə borcunun əsas şərtlərindən biri olmalıdır".

Digər xəbərlər