PDF Oxu

Sosial

  • 36

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olundu

Dünən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə həsr edilmiş konfrans keçirildi. Konfransın açılışından öncə səhiyyə naziri Oqtay Şirəliyev, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, tibb ictimaiyyətinin nümayəndələri və digər konfrans iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üstünə əklil qoyulub. Dövlət xadimi, səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üstünə gül dəstələri düzülüb.

Konfrans işini institutun akt zalında davam etdirib. Mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə ünvanlamış təbrikini oxuyub.

Sonra institutun 80 illik yubileyi ilə əlaqədar Ukrayna Milli Akademiyasının prezidenti akademik B.E.Paton, P.L.Şupik adına Ukrayna Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının rektoru akademik Y.V.Voronenko, Qazaxıstan Davamlı Tibb Təhsili Universiteti idarəçiliyinin sədri professor Q.A.Togizbayev, Özbəkistan nevroloqlar assosiasiyasının sədri professor M.N.Qafurov, Qomel Tibb Universitetinin Nevrologiya və Neyrocərrahiyyə kafedrasının müdiri, professor V.Y.Latışeva, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyasının rektoru professor M.A.Gerasimenko və digərləri tərəfindən göndərilmiş təbrik məktubları oxunub.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev yubiley münasibətilə institutun əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizin səhiyyə sistemində olduğu kimi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da böyük yenidənqurma və abadlıq işləri aparılıb, burada təhsil müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyevin ADHTİ-nin əməkdaşlarının "Tərəqqi" medalı və fəxri adlarla təltif edilməsi haqqında sərəncamları diqqətə çatdırıldıqdan sonra həmin mükafatlar nazir O.Şirəliyev tərəfindən sahiblərinə təqdim olunub. Həmçinin, institutun bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.

İnstitutun rektoru, professor Nazim Qasımov qeyd edib ki, institutun 80 illik tarixi ölkəmizdə səhiyyənin inkişafı ilə üst-üstə düşür. Belə ki, Azərbaycan səhiyyəsində həyata keçirilən bütün tədbir və quruculuq işlərində institutun kollektivi və ya burada təhsil alıb bir mütəxəssis kimi yetişmiş şəxslər aktiv iştirak etmişlər. İnstitutun formalaşmasında və tanınmış elm-təhsil ocağına çevrilməsində bir çox görkəmli alimlərin böyük rolu olduğunu bildirən N.Qasımov ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlı olduğunu bildirdi. 1962-ci ildə Əziz Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verilmişdir. O, qeyd edib ki, Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz Ə.Əliyev adına ADHTİ-də çalışdığı illərə təsadüf edir. 1981-ci ildə oftalmologiyanın inkişafında əldə etdiyi böyük nailiyyətlərə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Yarandığı ilk illərdən başlayaraq institut respublika üçün minlərlə yüksək ixtisaslı həkim- mütəxəssislər hazırlamışdır.

Sonra yubiley tədbirlərinin qonağı olan xarici və yerli tibb təhsili müəssisələrinin rəhbərləri çıxış ediblər. Rusiya Tibb Diplomdansonrakı Təhsil akademiyasının rektoru akademik L.K.Moşetova, Türkiyə Cumhuriyyəti İstanbul Universitetinin prorektoru professor Mert Savrans, Belarus Tibb Diplomdansonrakı Təhsil Akademiyasının rektoru professor M.A.Gerasimenko, Amerika-Avstriya Açıq Tibb İnstitutunun rektoru professor Volfqanq Aulitski, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru akademik B.A.Ağayev çıxışlarında institutla bağlı əməkdaşlıqdan, xatirələrindən danışıb, arzularını bildirdilər.

Konfrans iştirakçılarına institutun tarixinə və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

NƏZAKƏT

Digər xəbərlər