PDF Oxu

Sosial

  • 22

"Milli qəhrəmanlarla bağlı xatirələr"

"Milli qəhrəmanlarla bağlı xatirələr"

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə yazıçı, publisist, tarixçi Cəlaləddin Qasımovun "Milli qəhrəmanlarla bağlı xatirələr" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev, rayon təşkilatının rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Fərəcov, ziyalılar və fəal gənclər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev mərasimi açıq elan edərək deyib ki, Azərbaycan xalqı indiyədək ölkəmizin ərazi bütövlüyü və müstəqiliyinin qorunması istiqamətində xeyli sayda şəhidlər verib: "Təbii ki, bizim öz müstəqilliyimizi, dövlətimizi, xalqımızı bizdən yaxşı tanıyan və qoruya biləcək heç kəs ola bilməz. Təəssüflər olsun ki, bu günə qədər biz hələ Ermənistanla müharibə şəraitindəyik. Hələ ki, ATƏT-in Minsk Qrupu, eləcə də beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir iş görülməyib. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Azərbaycan xalqı qüdrətli xalqdır və o, bir qarış da olsa, torpağını düşmənə verməyəcək. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bunun üçün biz öz əzmimizi, namusumuzu, ruhumuzu itirməməliyik. Hətta son damla qanımıza qədər vuruşmaq lazım olsa belə, hər birimiz silaha sarılıb, o torpaqları geri alacağıq".

Kitabın müəllifi, yazıçı, publisist, tarixçi Cəlaləddin Qasımov "Milli qəhrəmanlarla bağlı xatirələr" kitabı haqqında iştirakçılara ətraflı məlumat verib. Cəlaləddin Qasımov deyib ki, topluda əvvəlkilərdən fərqli olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən qorxmaz, yenilməz zəfər oğulları və onların döyüş yolu haqqında materiallar toplanıb: "Kitabda bədnam qonşular və onlara dəstək verən terror təşkilatlarının əməlləri ifşa edilir, bu hadisələr zamanı zərər çəkən qəhrəman döyüşçülərin acı taleyindən bəhs edilir. Ümidvarıq ki, bu kitaba da digərləri kimi böyük maraq olacaq".

YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov və sədrin müavini, eyni zamanda kitabın təşəbbüskarı olan Vüsal Əliyev çıxışlarında bildiriblər ki, tədbirin təşkilində əsas məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və aşılanmasıdır. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan gəncliyinin, azərbaycanlıların, ölkəmizin bütün əxlaqi dəyərlərini qoruyan bir siyasi partiya olub: "Təbii ki, tədbirin özü də əhəmiyyətliyi ilə seçilir. Biz bu kimi tədbirlər vasitəsilə hər zaman gənclərə çatdırmaq istəmişik ki, onlarda vətənpərvərlik ruhu daim yüksək olsun. Gənclərimizlə birgə xeyli sayda tədbirlər təşkil etmişik".

Tədbirə diskussiya şəklində yekun vurulub.

R.HÜSEYNOVA

Digər xəbərlər