Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə keçirilən tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Azərbaycanın sürətli inkişafı öləmizdə idman hərakatının daha geniş vüsüt almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan Azərbaycan dövləti idmanın, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımı maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son illərdə tikilən Olimpiya idman kompleksləri, məhz idmanın inkişafına xidmət edən amillərdir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
Ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunları Bakıda keçirildi. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi ölkəmizi daha bir möhztəşəm uğuru oldu. "Bakı-2015" İlk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İndiyə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq yarış keçirilməyib" - deyən Azərbaycan Prezidenti İlham Əliyevin bu fikri real işə verilən qiymət idi.
"BAKI-2015" İLK AVROPA OYUNLARI TƏKCƏ QİTƏDƏ DEYİL, DÜNYA MİQYASINDA MÖTƏBƏR İDMAN TƏDBİRİ KİMİ TARİXİLƏŞDİ"
Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana iki il yarım vaxt verilsə də, Azərbaycan ciddi-cəhdlə işləri sürətləndirdi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədr təyin edilməsi artıq hər şeyi demiş oldu. Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva ölkənin həyatında yüksək fəallıq göstərərək Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və yüksək qiymətləndirir. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Eurovision-2012" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Elə Avropa Olimpiya Komitəsi Azərbaycana etimad göstərərək ilk Avropa Oyunlarının keçirilməsini ölkəmizə həvalə etməsi və bu Oyunların Təşkilat Komitəsinin sədrinin Mehriban Əliyevanın təyin edilməsi tədbirin yüksək səviyyədə reallaşacağına böyük ümidi doğrultdu. Mehriban xanım Əliyeva əminliklə "...biz bu Oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur", - deyirdi. Oyunların təntənəli açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında Birinci Xanım Mehriban Əliyevaya "Sizin "Bakı-2015"in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir", - deməsi Onun təşkilatçılıq işinə verilən qiymət idi.
Mehriban Əliyeva üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirdi. Hər işdə peşəkar olduğun bir daha göstərdi. Bu günlərdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb və Azərbaycanın Birinci Xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı "İlin idman xadimi" elan edib. Bu, onun fəaliyyətinə olan daha bir qiymətdir.
IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI 2017-Cİ İLİN ƏN BÖYÜK İDMAN HADİSƏSİ OLACAQ
Bu gün Azərbaycan yenə də beynəlxalq tədbirlərin ölkəmizdə təşkilinə hazırlaşır. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan inamını və marağını daha da artırıb.
2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanın bugünkü reallığını əks etdirir və ölkə mənzərəzindən qaynaqlanır. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsi və komitəyə Mehriban xanım Əliyevanın Sədrlik etməsi, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olacağına şübhə yaratmır.
Nəzakət ƏLƏDDİNQIZI