PDF Oxu

Sosial

  • 26

"Thomson Reuters"ə geniş çıxış Azərbaycanda elmin inkişafına güclü təkan verəcək

"Thomson Reuters"ə geniş çıxış Azərbaycanda elmin inkişafına güclü təkan verəcək

Dünən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov çıxışında dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "Thomson Reuters" şirkəti ilə əməkdaşlığın rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslandığını və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıdığını qeyd edib. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan "Web of Science(r)" platformasına və "İnCites" bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib.

"Thomson Reuters"in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh Əl-Din dünyada məşhur elmi platforma olan "Thomson Reuters"ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və "Thomson Reuters"in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi qeyd edilməlidir.

"Thomson Reuters İnCites" dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda "İnCites" platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

"Science Citation İndex Expanded(r)" müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq.

"Social Sciences Citation İndex(r)" və "Arts and Humanities Citation İndex(r)" bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, "Conference Proceedings Citation İndex(r)" isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verəcək.

NƏZAKƏT

Digər xəbərlər