PDF Oxu

Sosial

  • 22

Daşkəsən rayonunda müasir tələblərə cavab verən iki yeni körpü istifadəyə verildi

Daşkəsən rayonunda müasir tələblərə cavab verən iki yeni körpü istifadəyə verildi

Dünən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində tikilmiş müasir tələblərə cavab verən iki yeni körpünün açılışı ilə bağlı mərasim keçirildi. Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, Qabaqtəpə kənd sakinləri və ətraf kəndlərin ağsaqqalları, gənclərinin iştirak etdiyi mərasimdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev möhtəşəm tikintiyə görə ölkə Prezidenti Cənab İlham Əliyevə öz rayon sakinləri adından öz minnətdarlıqlarını bildirdi. Sonra Ə.Abıyev gözəl gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində tikilmiş 2 ədəd körpünün açılışı əlamətdar, tarixi bir gündə - Azərbaycan Respublikasının möhtərəm Prezidenti Cənab İlham Əliyevin ad günü ərəfəsində təsadüf edilir: "Hörmətli möhtərəm Prezidentimizi doğum günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür diləyir, ən xoş istəklərimizi bildirir, Azərbaycanın davamlı inkişaf yolundakı səmərəli dövləti fəaliyyətində Ona qarşıdan gələn yeni ildə yeni-yeni qələbələr arzu edirik".

Rayon rəhbəri onu da vurğuladı ki, ölkə Prezidenti Cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də rayonumuza unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır: "Cənab Prezidentimiz Daşkəsən rayonunda bir sıra obyektlərin açılışında iştirak etmişdir. Biz indi də həmin səfərin yaratdığı çox yüksək xoş əhval-ruhiyyənin təsiri içərisindəyik. Daşkəsənin siması yeniləşir, kəndlərimizdə insanların həyat səviyyəsi yaxşılaşır, bir sözlə, Azərbaycan möhtəşəm formalaşaraq yeniləşmə, modernləşmə dövrünü yaşayır. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycanı 12 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə də respublikamızda dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu xeyli artmış, mövqeləri daha da möhkəmlənmişdir. Ölkəmizin hər yerində olduğu kimi, 2015-ci il Daşkəsən rayonununda da sosial-iqtisadi inkişafında ən uğurlu il olmuşdur. Məhz bu il Daşkəsən rayonunda tikinti-abadlıq, quruculuq, təmir-bərpa işləri daha da böyük vüsət almışdır. Son aylar ərzində Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintiləri aparılmış, rayonumuzda təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxsaylı çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtükləri əsaslı təmir edilərək, yeni dəmir lövhələrlə əvəz olunmuşdur. Bu da əhalinin böyük sevincinə səbəb olmuşdur. Hazırda Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Rayonun qaz, işıq - elektrik təsərrüfatında geniş yenidənqurma işləri aparılır. Bu körpülərin tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılmış, rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd cəbhə bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda Çoşqunçay və Əyriçay çayları üzərində, yeni tikilmiş 2 ədəd körpü bu gün sizin iştirakınızla açılışı keçirilərək istifadəyə verilir. Hər iki körpü Daşkəsən rayon icra hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat olan "Retro İnşaat" MMC tərəfinə çox böyük maneələr, təzyiqlər göstərilsə də, çətinliklərin olmasına baxmayaraq sərt iqlim şəraitində tikilmişdir".

Sonda Ə.Abıyev onu da bildirdi k, həmişə olduğu kimi, daşkəsənlilər bundan sonra da ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək Ulu Öndər Heydər Əliyevin daimi yaşayan və qalib gələn ideyalarına sədaqət nümayiş etdirərək, ölkəmizin hərtərəfli inkişafı üçün var qüvvələrini sərf edərək çalışacaqlar.

R.KAMALQIZI

Digər xəbərlər