PDF Oxu

Sosial

  • 32

ƏLƏSGƏRə görə utanın...

ƏLƏSGƏRə görə utanın...

Ələsgərin dünyasını dəyişməsi ilə Azərbaycan kinosu son siqnalını verdi və bu, teatrımıza, səhnəmizə verilən bir SOS oldu. Həyəcanlanmaq lazımdır, papağı olanlar papağını qabağına qoyub fikirləşməlidirlər, kişi olmaq lazımdır, gülmək arvad işidir, kişi kimi ağlamaq lazımdır. Maşınına filan qədər pul verib "Ələsgər" siqnalını qoşduranlar onun özünü yolda piyada görəndə yol vermirdilər. Ala, bu Əlsəgərdir də, gözlə siqnal verim məzələnək... Başqalarının alnında, əlində gördüyümüz çatlar Ələsgərin ürəyində yer almışdı, mazutlu əllərdən, içi paslı dirnaqlardan, "zıgil" bağlamış gözlərdən, topdağıtmaz kreslolardan tutmuş yalın ayaqlara qədər hamı günahkardır bu adamın ölümündə. Heç vaxt bu qədər utanmamışdım, onun ölümü belimi bükdü. Kişiliyiniz varsa hər gün xəcalət çəkin, utanın, ölün bu adama görə. Telekanallarda aparıcı Ələsgər Məmmədoğlunu əməkdar artist, Faiq Ağayevi, Səməd Səmədovu xalq artisti kimi tədqim edəndə, utanmadınızmı? Özü 1 manat istəsəydi verməzdik, amma 300 manat verib maşınımıza "Ələsgər" siqnalını quraşdırırıq. Onun səsi ilə hamı ilə məzələnirik, yol polislərini sarıyırıq, cərimə olunanda da gülməkdən uğunub gedirik. Kişinin gətirdiyi cərimə də hədiyyə kimi görünür adama. Şahmat taxtasını xatırladan pencəyi heç yadımdan çıxmır. Tələbə idim. Hər axşamüstü Nizami küçəsində gəzişən, əllərini arxadan möhkəm kipləşdirib, heç kimi görmürmüş kimi hamıya xüsusi gülüşlə baxan, qara ayaqqabısının ağ sapla səliqəsiz tikildiyi Ələsgəri görməmək olmurdu.

Başımız makarona, qiyməti qalxmış ərzaq məhsullarına, devalvasiyaya qarışdı, Ələsgəri də belə unutduq. Başımız o qədər qarışdı ki, cənazəsini belə işlədiyi teatrdan götürə bilmədik. Bağışla bizi, Ələsgər! Mənim gücüm çatmadı buna, heç kim də buna cəsarət etməz, hərə öz qarnının hayındadır. Marketlərdən "makaron" çağırışları eşidilir, bağışla bizi! Aygün Kazımovanın 200 minlik maşın sürdüyü bir şəhərdə sənə bir ayda 200 manat çörək pulu verə bilmədik. Bağışla bizi! Başımız villalar tikməyə, şərab evləri açmağa, qarışdı. Bağışla bizi! Sən ölməsəydin də, onsuz da son devalvasiya öldürəcəkdi səni. Bağışla bizi! Pullarımızı xaricə daşıdıq, xarici banklarda özümüzə lövbər saldıq, boş divarlar, insansız göydələnlər ucaltdıq. Bağışla bizi! Övladına toy edə bilmədin. Bağışla bizi! Sənlə qonşu olan divarın o biri tərəfində milyonlarla dollar hər gün dərmanlanırdı, bilirəm. Qoxusu burnuna dəyirdi. Bağışla bizi! Səni biz öldürdük, bağışla bizi!

Samir

P.S. Bir cavan oğlan Ələsgərə deyib ki, 300 manat verib maşınıma sənin "Ələsgər" səsini quraşdırmışam. Sənətkar "150 manat versəydin, özüm gəlib maşınında oturardım" cavabını verib.

Digər xəbərlər