Erməni terrorçularının azərbaycanlılara qarşı zorakılıq aktlarından ən dəhşətlisi olan Xocalı soyqırımıdır və bu, ermənilərin işğalçılıq siyasətinin silinməyəcək qanlı izləridir. Zaman-zaman tarixi təkrarlayan və iyrənc siyasətin müəllifi olan ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divanı tutması müasir tariximizin səhifələrini təşkil edir. Burada bir gecədə baş verən hadisələrin, minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi hadisənin iştirakçısı və şahidi olan insanlar tərəfindən yazıya köçürülür. Bu yaxınlarda Xocalı polis bölməsinin sabiq rəisi Sabir Məmmədovun çapdan çıxan "Tarixi saxtalaşdırmaq cinayətdir" kitabında millətçi-separatçı ermənilərin əməlləri diqqətə çatdırılır. Kitab müxtəlif illərdə dövri mətbuatda dərc olunan və hadisələrin siyasi mahiyyətinə nəzər salan müəllifin nəşr etdirdiyi məqalələr kitabda yer alıb. Eləcə də tədbirlərdəki çıxışları, onunla bağlı yazılan məqalələr yeni nəşrə daxildir. Müəllif Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktının ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutduğunu bildirir.
Müəllif kitabda Xocalı soyqırımını törədən erməni təcavüzkarlarının məqsədinə aydınlıq gətirir. Onu da qeyd edir ki, xocalılar amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Müəllif müasir dünyamızda Azərbaycanın dünyaya həqiqətlərini çatdırmaq gücündə olduğunu bildirir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərə də nəzər salır. Kitabda yer alan "Leyla Əliyeva hər kəsi "Xocalıya ədalət" kampaniyasına qoşulmağa çağırdı" başlıqlı yazısında S.Məmmədov Leyla Əliyevanın 2008-ci il mayın 8-də "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürməsini və bu istiqamətdə müxtəlif ölkələrdə tədbirlər keçirməsini qeyd edir.
Kitabda yazılan məqalərdən belə qənaətə gəlmək mümkündür ki, Xocalı kimi soyqırımların dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır. Bu, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.
Kitab günümüz üçün aktualdır və XX əsrin ən böyük soyqırımı olan Xocalı qətliamını xatırlamaq, gələcək nəslə soyqırımı kimi çatdırmaq baxımından dəyərli vəsaitdir.
ZÜMRÜD