PDF Oxu

Sosial

  • 21

Əhalinin sağlamlığına nəzarət daha da gücləndirilir

Əhalinin sağlamlığına nəzarət daha da gücləndirilir

"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı QİX-in qarşısının alınması və ona nəzarətin yaxşılaşdırılmasında rəsmi sənəddir

Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb.

Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İnsan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısı ciddi şəkildə alınır. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışından sonraəhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində olduqca mühüm addımlar atıldı.

Əksər ölkələrdə, xüsusilə də, inkişaf etmiş Qərb ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklərin son 10 il ərzində xəstələnmə və ölüm strukturunda payı artmışdır. Bunu nəzərə alaraq həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklər üzrə mübarizəsi səhiyyə sistemlərinin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Strategiyanın vəzifələri bu xəstəliklərə mübarizə üzrə səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması, QİX-in risk faktorlarının azaldılması üçün effektiv tədbirlərin həyata keçirilməsi, QİX-in qarşısının alınması və ona nəzarətin yaxşılaşdırılması üçün tibbi xidmətlərin gücləndirilməsidir. Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlər səmərəlilik, bərabərlik və ədalətlilik prinsiplərinə əsaslanaraq sektorlararası sıx əməkdaşlığı, QİX-ə yalnız səhiyyə problemi kimi deyil, ümumiyyətlə, cəmiyyətin problemi kimi yanaşmağı və məhz bu nöqteyi- nəzərdən görülən işlərin, eyni zamanda bir sıra istiqamətlər üzrə həyata keçirilməsini tələb edir.

Məlumdur ki, tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk amilləri nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir ki, bunlar ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti illərdə azalması gözlənildiyi halda, QİX-dən ölənlərin sayının 2030-cu ilədək artması proqnozlaşdırılır. Hesablamalara görə ürəyin işemik xəstəliyinin və beyin-damar xəstəliklərinin 80%-nə tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk amilləri səbəb olur. Artıq çəki və piylənmə də, öz növbəsində qan təzyiqi, qanda xolesterol və triqliserid səviyyələrinə mənfi metabolik təsir göstərə bilər. Dünyada hər il təxminən 6 milyon, o cümlədən tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikinci məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Strategiyada qeyd olunur ki, spirtli içkilərdən sui-istifadə nəticəsində il ərzində baş verən 3,3 milyon ölüm hadisəsinin yarısı məhz QİX ilə bağlıdır. Bununla yanaşı, dünyada hər il 3,2 milyon insan fiziki passivlik, o cümlədən təqribən 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən ölür. Problemin həlli məqsədi ilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq bir neçə mühüm sənəd, o cümlədən QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-in Avropa üzrə Regional Komitəsinin 2011-ci il sentyabrın 12-15-də Bakıda keçirilən 61-ci sessiyasında 2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına dair Fəaliyyət Planı qəbul olunmuşdur. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksək səviyyəli görüşdə qəbul edilmiş siyasi bəyannaməni nəzərə alaraq, 2013-2020-ci illər üçün QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-in Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri QİX-dir. Ölkəmizdə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3560 nəfər təşkil edir.

QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət məsələlərinin hərtərəfli həlli səhiyyə, sosial, kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və mədəniyyət kimi bütün müvafiq sahələrin birgə iştirak etdikləri vahid strategiyanın həyata keçirilməsini tələb edir. Bu tədbirlər əhalinin sağlamlığının və rifahının daha çox yüksəldilməsi, ictimai səhiyyənin gücləndirilməsi və əhali üçün əhatəli, ədalətli, davamlı və yüksək keyfiyyətli səhiyyə sistemlərinin təmin edilməsi məqsədi ilə üst-üstə düşür. Strategiyanın həyata keçirilməsi QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının, əhalinin ayrı-ayrı qrupları arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasına və xəstəlik yükünün xeyli dərəcədə ixtisarına imkan yaradacaqdır. Strategiya Azərbaycanda QİX-in qarşısının alınması və onlara nəzarət üzrə 2015-2020-ci illər üçün ümumiləşdirilmiş və səmərəli tədbirlərə dair rəhbərliyi və ümumi strateji çərçivəni müəyyən edən rəsmi sənəddir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər