PDF Oxu

Sosial

  • 40

YAP gəncləri türkiyəli həmkarları ilə görüşüb

YAP gəncləri türkiyəli həmkarları ilə görüşüb

Həsən Daşdəmirov: "YAP GB-nin nümayəndə heyəti AK Partinin Gənclik Qollarının Ankara şəhərində keçirilən konfransında uğurlu fikir mübadilələri apardı"

Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) Nümayəndə Heyəti dekabrın 20-də Türkiyənin iqtidar partiyası olan AK Partinin (Ədalət və İnkişaf Partiyası) Gənclik Qollarının paytaxt Ankara şəhərində keçirilən konfransında iştirak edib. Konfransa qonaq qismində qatılan YAP GB-nin sədr müavini Ramin Məmmədov, YAP GB İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP GB ofisinin koordinatoru Fərid Nəsibovun daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlərdə iştirak etməklə yanaşı, eyni zamanda AKP-nin sədri, Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə də görüşüblər.

Görüş barədə "SƏS"ə açıqlama verən YAP GB İdarə Heyətinin üzvü Həsən Daşdəmirov bildirib ki, Azərbaycanın hakim partiyasının gənclərinin Türkiyənin iqtidar partiyası tərəfindən dəvət edilməsi ilk növbədə iki ölkə arasında olan qardaşlığın bariz nümunəsidir: "Qeyd etmək istərdim ki, iki dost və qardaş ölkələrinin gəncləri arasında keçirilən bu cür görüşlər, keçirilən konfranslarda aparılan fikir mübadilələri bizim gələcəkdə görəcəyimiz daha böyük işlərimizə stimul verir. Əlbəttə ki, apardığımız fikir mübadilələri də bu mənada növbəti uğurlarımızı təmin edir. Biz AK Partinin Gənclər Qolunun keçirdiyi möhtəşəm konfransında partiyanın sədri, Türkiyənin Baş naziri cənab Əhməd Davudoğlu ilə də görüşdük. O, qeyd etdi ki, iki dövlət bir millət faktorunun sarsılmazlığının davamlı olması üçün gənclərin oynadıqları rol əvəzsizdir. Bu baxımdan, Türkiyə və Azərbaycan gəncliyi, hər iki hakim partiyaları təmsil edən gənclər bu istiqamətdə fəaliyyətlərini davamlı şəkildə qurmalıdırlar."

Həsən Daşdəmirov onu da qeyd etdi ki, YAP-nın hakim partiya kimi istər regionda, istərsə də beynəlxalq aləmdə yürütdüyü uğurlu siyasi xətt təşkilatın güclü nüfuza malik olduğunu bir daha isbatlayır: "Bildiyimiz kimi, YAP dünyanın bir çox hakim partiyaları ilə sıx təmaslar qurur. Ölkəmizdə Avropanın və Asiyanın sağ mərkəzçi partiyalarının konfransları keçirilib, bu ənənə demək olar ki, hər il davam etdirilir. Təbii ki, Azərbaycanın inkişaf və tərəqqisində önəmli yeri, müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının gəncləri olaraq biz fəaliyyətimizi daha mütəşəkkil qaydada davam etdirərək, növbəti qələbələrə, zəfərlərə doğru inamla addımlamağa davam edəcəyik.

Türkiyədəki görüşlərimizdə də biz qardaş ölkənin gəncləri ilə müxtəlif məzmunlu görüşlər keçirdik, yeniliklərlə tanış olduq. Düşünürəm ki, qarşıdakı zamanlarda bu cür pozitiv və səmərəli görüşlər mütəmadi olaraq keçirilməlidir."

R.KAMALQIZI

Digər xəbərlər