İlham Əliyev: "Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir"
Bu gün etiraf edilməlidir ki, Azərbaycanın uğurlu inkişafı ölkədə sabitlik və təhlükəsizliyin qarantına çevrilir. Artıq fəxarətlə deyə bilərik ki, hazırda dünya ölkələrinin vətəndaşları ilə müqayisədə Azərbaycan vətəndaşları sabitlik və təhlükəsiz şəraitdə yaşayırlar. Dövlət başçısı çıxışlarında da qeyd edir ki, Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır: "Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları narahat edir. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq".
Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır.
Xatırladaq ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlum olduğu kimi, dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə bu il yanvar ayının 12-də imzaladığı Sərəncamla 2015-ci ili Azərbaycanda "Kənd təsərrüfatı ili" elan etmişdir.
Yola salmağa hazırlaşdığımız "Kənd təsərrüfatı ili"ndə aqrar sektorda nəticələr və yeniliklər
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Aqrar sahənin intensiv inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir və dövlət bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması respublikamızda aqrar sektorun inkişafına güclü siyasi iradə nümayiş etdirilməsinin daha bir təsdiqidir.
Amma elə bu da kifayət edir ki, Prezidentin Sərəncamı ilə elan olunmuş "Kənd təsərrüfatı ili"ndə istər dövlət və hökumət, istərsə də məhsul istehsalçıları tərəfindən atılan addımların və görülən işlərin hədər getmədiyi qənaətinə gələk. Xüsusən, Prezident İlham Əliyevin aqrar sektorun strateji sahə səviyyəsinə qaldırılması üçün gördüyü tədbirlərin, imzaladığı sənədlərin nəticələri daha qlobal xarakter daşıyır. Dövlət başçısı kənd təsərrüfatına yalnız ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas sahə kimi baxmır, həm də qeyri-neft bölməsinin aparıcı sektoru kimi yanaşır. Əgər bu gün Azərbaycan fermeri, kənd təsərrüfatı məhsulları istehsalçısı bütün vergilərdən azaddırsa, onlara əkib-becərmək üçün maddi yardım olunursa, motor yağı, yanacaq güzəştli qiymətlərlə satılırsa, aşağı faizlərlə kreditlər verilirsə, toxum, gübrə problemlərinin həllini dövlət öz üzərinə götürürsə və daha neçə-neçə əlverişli şərait, işgüzar mühit yaradırsa, stimullaşdırıcı tədbirlər görürsə, bu, ilk növbədə, Prezident İlham Əliyevdən gələn təşəbbüslərdir. İndiki zamanda Azərbaycan kimi az ölkə tapılar ki, aqrar sektora bu səviyyədə və bu həcmdə əməli dəstək versin. Amma dövlət başçısını bunlar qane etmir. Hədəf isə ondan ibarətdir ki, Azərbaycan əsas ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəməli, idxaldan maksimum az asılı olmalıdır. Özü də bu, yaxın hədəfdir və yeri gəlmişkən qeyd edək ki, yaxın zamanda ona çatılacağı heç kimdə şübhə doğurmur. Çünki artıq kənd təsərrüfatı məhsulları istehsalçılarımız günü bu gün daxili bazarı bir çox ərzaqla (ət, süd məhsulları, meyvə, tərəvəz, bostan və s.) əsasən təmin edə bilirlər. Növbəti hədəf isə buna tam nail olduqdan sonra xarici bazara rəqabətə davamlı, keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar çıxarmaqla, Azərbaycanı həm də ərzaq ixracatçısına çevirməkdir.
Düşünülmüş siyasət - real nəticələr
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "Bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı".
Ölkə Prezidenti çıxışları zamanı onu da vurğulayıb ki, Azərbaycan bu gün özünü əsas ərzaq məhsulları ilə təmin edir: "Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün, hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq".
Dövlət başçısının fikrinin təsdiqi kimi aqrar sahə ilə bağlı göstəricilər respublika üzrə də sevindiricidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli paxlalılar, 36,4 min hektar sahədə dən üçün qarğıdalı, 77 min hektar sahədə tərəvəz, 61 min hektar sahədə kartof, 18,8 min hektar sahədə pambıq, 27,9 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1,4 min hektar sahədə tütün və s. bitkilər əkilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min hektar, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 hektar artmışdır. Beləliklə, sadalanan rəqəmlər "Kənd təsərrüfatı ili"ndə göstərilən sistemli dövlət qayğısının bariz ifadəsi olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI