Azərbaycan 2016-cı ilə qazanılan bu uğurlar əsasında daxil olur və bu inam üçün kifayət qədər ciddi əsaslar vardır
Son illər müstəqil Azərbaycan böyük nailiyyətlər qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olub. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Həmçinin, aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılıb, azad rəqabət mühiti təmin edilib, bazar institutları formalaşıb, xarici iqtisadi fəaliyyət liberallaşdırılıb, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilib. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunub. Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş verib, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur ki, bunun da 80 milyardı məhz Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Bu da Azərbaycanın layiqli və etibarlı tərəfdaş olduğunu sübut edən amillərdən biridir. Dövlət başçımızın müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxarmaqdır. Bunun üçün bütün elmi-siyasi proqnozlar hazırlanmışdır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçərək birinci onillikdə qarşıya qoyulmuş məqsədə çatmış, dünyada yüksək orta gəlirli ölkələr sırasına çıxmışdır. İndi isə əsas məqsəd ölkəmizi daha da inkişaf etdirərək yüksək gəlirli ölkələr sırasına çıxarmaq və əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır.
Son illər ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəldib. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində "Dooing Business" hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib, ölkəmiz "ən islahatçı" ölkə elan edilib. Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə tədqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar da bəhrəsini verir. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti" İndeksi hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə dair tədqiqatın aparıldığı 144 ölkə arasında 46-cı yerdə qərarlaşıb və ardıcıl olaraq 4-cü ildir ki, MDB məkanında 1-ci olub. Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi alan ilk və yeganə ölkədir. Regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrilmiş Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və qeyri-neft sektorunun davamlı inkişafına nail olunub.
2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında cari ildə iqtisadiyyatımızın inkişafını yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, dünyanın əksər bölgələrində böhran şəraitinin və qeyri-sabitliyin olmasına baxmayaraq, Azərbaycan yüksək inkişaf tendensiyası ilə irəliləyir: "Deyə bilərəm ki, 2015-ci ilin digər yekunları da müsbət olmuşdur. Baxmayaraq ki, bölgədə və dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2015-ci ildə iqtisadi inkişafa nail olmaq əlbəttə ki, böyük məsələdir. Çünki 2015-ci ildə həm siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə böhranı dərinləşmişdir. Azərbaycan iqtisadiyyatı 2015-ci ildə inkişaf etmişdir. Çalışırdıq ki, biz iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır. Büdcə gəlirləri azalmışdır. Təbii ki, büdcə xərcləri də azalmışdır. Ona görə biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik".
Bundan başqa iqtisadiyyatın bütün sahələri kimi, 2015-ci ildə əhalinin ərzaqla etibarlı təminatı da Azərbaycan Prezidentinin daimi diqqət mərkəzində olmaqla aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilib, kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilib, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması bir daha sübut etdi ki, gələcək illərdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlverişli şərait yaradılır. Təsadüfi deyil ki, bu konsepsiyada müəyyənləşdirilmiş hədəflərə əsasən qeyri-neft sektorunun şaxələndirilməsi və sürətli inkişafı hesabına nail olunacaq.
Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurlara aparır.
"Səs" Analitik Qrupu