PDF Oxu

Sosial

  • 30

2015-ci il ölkə səhiyyəsi üçün uğurlu oldu

2015-ci il ölkə səhiyyəsi üçün uğurlu oldu

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq 2015-ci il də ötən illərdə olduğu kimi, ölkəmiz üçün uğurla yekunlaşır. Ölkə başçısının sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında məlum sərəncamları, dövlət proqramları səhiyyənin inkişafına da böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.

Cənab İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını ölkə səhiyyəsinin həyatında böyük əhəmiyyət kəsb edərək, zəngin hadisələrlə yadda qaldı. Ölkə rəhbərliyinin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq səhiyyənin inkişaf tendensiyası 2015-ci ildə də davam etdirilib, bu da öz növbəsində, tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır. Dövlət başçısının sosial yönümlü siyasətinin nəticəsi olaraq son 5 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 2 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində son illər Azərbaycanda 600-ə yaxın səhiyyə müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. Təkcə 2015-ci ildə Mingəçevir, İsmayıllı, Göyçay, Ucar və başqa rayonlarda müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar istifadəyə verildi. Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Mamalıq - ginekologiya, Tibbi Bərpa İnstitutlarında, o cümlədən Respublika Uşaq Stomatoloji Mərkəzində təmir-tikinti işləri davam etdirilir.

Məlumdur ki, son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. 2015-ci ildə Mingəçevir, İsmayıllı rayonlarında və Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılmışdır.

Ana və uşaqların sağlamlığının qorunması məqsədilə "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramı, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Bu proqramlar çərçivəsində ana və uşaqlara xidmət göstərən tibbi müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Əgər 2010-cu ildə respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diri doğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enmişdir.

Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 240 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

2015-ci ildə səhiyyə sahəsində əlamətdar olan, yaddaqalan hadisələrdən biri də Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi oldu. Hazırda satışda olan 3 minə yaxın dərman vasitələrinin qiymətləri aşağı endirilib, o cümlədən preparatların 53%-nin qiyməti 2 dəfədən çox, 28%-nın qiyməti isə 3 dəfədən çox ucuzlaşdırılıb. Bu, həqiqətən də, çox ciddi sosial təşəbbüsdür və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldilmiş vacib addımdır.

Bütün bunlarla yanaşı, vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə istifadəyə verilən Elektron Səhiyyə Mərkəzi vətəndaşların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. İl ərzində Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın insan müraciət etmiş, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunmuşdur.

İlin səhiyyə sahəsində yaddaqalan son hadisələrindən biri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqini tapmış olan "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı oldu, Strategiya QİX-in qarşısının alınması və ona nəzarətin yaxşılaşdırılmasına yönəlmiş rəsmi sənəddir. Bildiyimiz kimi, inkişaf etmiş Qərb ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklərin son 10 il ərzində xəstələnmə və ölüm strukturunda payı artmışdır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri QİX-dir. QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət məsələlərinin hərtərəfli həlli istiqamətində bu sənəd əhəmiyyət daşıyır. Bütün bu və ya digər görülən işlər, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu bir daha təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər