31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ulu Öndərin bu sahədəki xidmətlərini də uğurla davam etdirir. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Hazırda beş qitədə, dünyanın əksər ölkələrində Azərbaycan icması üçrəngli bayrağımız altında fəaliyyət göstərir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Diaspor təşkilatlarımız tərəfindən keçirilən tədbirlər, Azərbaycan həqiqətləri ilə bağlı dərc olunan məqalələr, yayımlanan verilişlər soydaşlarımızın milli birliyini təcəssümüdür. Bu günlərdə Yaponiyanın internet televiziyasının sonuncu xüsusi buraxılışının Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilməsi də təsadüfi deyildi. Belə ki, dekabrın 28-də Tokioda "World Investors TV"-nin 2015-ci il üçün sonuncu canlı buraxılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib. Verilişin xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycanın milli bayramları haqqında ətraflı məlumat verib. Azərbaycanın coğrafi-mövqeyi, milli bayramları və dövlət əhəmiyyətli günləri haqqında danışan soydaşımız Dünya Azərbaycanlıların Həmrəyliyi Günü bayramı ilə əlaqədar çıxışında bu günün tarixini və əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildikdən sonra tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz böyük fəxr və qürur hissi ilə bu günü qeyd edirlər.
Azərbaycan diasporunun fəallığı, xaricdəki soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, Azərbaycanın tanıtımı istiqamətində iştirakının vacibliyini də tokialı tamaşaçıların diqqətinə çatdırıb.
Verilişin produseri İşida Kazuyasu isə bildirib ki, yaponların da belə bir günə ehtiyacı var və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü buna çox gözəl nümunə ola bilər.
Qeyd edək ki, bu, sayca həmyerlimizin sözügedən verilişdə 3-cü çıxışıdır. İlk çıxışını cari ilin oktyabr ayında yapon şirkətlərinin Azərbaycana axını mövzusuna, noyabr ayındakı ikinci çıxışını isə Azərbaycan Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr edib.
Azərbaycan xalqı böyük xalqdır. Bizim hamımızın bir Vətəni vardır - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.
NƏZAKƏT