PDF Oxu

Sosial

  • 26

Qanunsuzluğa və inhisarçılığa qarşı qətiyyətli mübarizə aparılır

Qanunsuzluğa və inhisarçılığa qarşı qətiyyətli mübarizə aparılır

Dövlət Gömrük Komitəsi ölkə Prezidentinin verdiyi tövsiyə və tapşırıqları uğurla icra edir

Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf etmişdir. Müasir dövrdə Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır. Bir sözlə, Azərbaycan Respublikasında gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulmuş və bu gün də inkişaf etdirilməkdədir.

Azərbaycan gömrüyünün inkişaf dinamikası son 11 ildə

Azərbaycan gömrüyünün inkişaf dinamikası son 11 ildə də uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin də həyatından yan keçmədi, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində quruldu. Bu sahədə həyata keçirilən islahatlar gömrük qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə davamlı töhfə verdi. Beynəlxalq aləmə inteqrasiya nəticəsində Azərbaycan gömrüyü daha müasir və dünya standartlarına uyğun yeni mərhələyə qədəm qoydu. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" haqqında Sərəncamın uğurlu icrası ilə daha da sürətləndi. Proqrama əsasən, 5 il ərzində gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması təmin edildi, gömrük nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırıldı və gömrük prosedurları avtomatlaşdırıldı, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə gücləndirildi, gömrük infrastrukturu inkişaf etdirildi, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq genişləndirildi. 2009-cu ildən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə başlanması, 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük Məcəlləsi, elə həmin il Dövlət Gömrük Komitəsi Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq olunması bu prosesə öz töhfəsini verdi.

Azərbaycan gömrüyü ötən ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Dövlət Gömrük Komitəsi 2013-cü ildə nəzərdə tutulan 1 milyard 380 milyon manat illik büdcə proqnozu əvəzinə 1 milyard 383,2 milyon manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib.

Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır. Dövlət Gömrük Komitəsi bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır. Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları ilə təchiz olunan bu obyektlərdə müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün də geniş imkanlar yaradılıb. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri qurulub. İstifadəyə verilən bütün məntəqələrdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, həmçinin kinoloji xidmət yaradılıb.

Azərbaycanın gömrük-keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar əməkdaşlara işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Eyni zamanda, yola saldığımız 2015-ci il də ölkəmizin bütün sahələrində olduğu kimi, gömrük işində də əlamətdar hadisələrlə yaddaqalan olmuşdur.

Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, Gömrük Məcəlləsinin yeni layihəsinin hazırlanması, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, statistika və avtomatlaşdırılma işində müasir texnologiyanın imkanlarından geniş istifadə olunmaqla Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı məqsədilə yeni proqram təminatlarının yaradılması, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Bu da bəllidir ki, son illərdə baş verən qlobal iqtisadi böhran artıq dünya ölkələrinin əksəriyyətini əhatə edib. İqtisadi tənəzzülə paralel olaraq neftin qiymətində baş verən kəskin azalma neft ixracatçısı olan digər ölkələr kimi Azərbaycan iqtisadiyyatına da təsirini göstərib. İllər öncə ölkəmizdə neftdən asılılığı aradan qaldırmaq məqsədilə həyata keçirilən islahatlar ötən il daha da sürətlənib. Sahibkarlıq mühitinin stimullaşdırılması, yerli istehsalın inkişafı və qorunması istiqamətində mühüm addımlar atılıb, mütərəqqi islahatlar həyata keçirilib. Demək olar ki, dövlət və özəl sektorda fəaliyyət göstərən bütün qurumlar mümkün vasitələrdən istifadə etməklə milli iqtisadiyyatın qorunması istiqamətində səfərbər olunub.

Dövlət Gömrük Komitəsi ölkə Prezidentinin verdiyi tövsiyə və tapşırıqları uğurla icra edir. Aparılan araşdırmalar və statistik məlumatlar da bunu bir daha təsdiq edir.

Ötən il ərzində gömrük hüquqpozmaları üzrə 266 cinayət işi başlanmışdır

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini, gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, təqsirli şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb edilməsi gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir. Belə ki, 2015-ci ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 266 cinayət işi başlanmış, bu cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olubdur. Hesabat dövründə 228 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, bu şəxslərdən 185 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 4 nəfəri barəsində ev dustaqlığı, qalanları haqqında isə istintaq orqanı tərəfindən digər qətimkan tədbirləri seçilibdir. İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən 22-si İran İslam Respublikasının, 4-ü Rusiya Federasiyasının, 1-i Türkiyə Respublikasının, 1-i Kanada dövlətinin, 1-i Kamerun Respublikasının, 199-u isə Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Təəssüf ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 27 nəfəri qadındır və onlardan 26-sı Azərbaycan Respublikasının, 1-i isə İran İslam Respublikasının vətəndaşıdır. Başlanmış cinayət işləri üzrə narkotik vasitələr - 33 kq 847,217 qram qurudulmuş marixuana, 28 kq 519,461 qram həşiş qatranı, 10 kq 766,059 qram heroin, 3 kq 552,112 qram tiryək, 590 qram qurudulmamış marixuana, 388,803 qram metadon, 57,185 qram kokain və psixotrop maddələr - 98,091 qram metamfetamin, 46 qram fenobarbital, 20 qram fenamfetamin, 10,014 qram clonazepam, 1,635 qram alprazolam, 0,106 qram buprenorfin maddi sübut kimi tanınmışdır.Həmin cinayət işləri üzrə götürülən mallar isə 85827 manatlıq 6735 şüşə spirtli içki, 80952 manatlıq tütün məmulatı, 61407 manatlıq 409 ədəd mobil telefon, 484301 manat dəyərində müxtəlif valyuta, 6624 manatlıq adi içkilər, 27519 manatlıq dərman preparatları, 312200 manatlıq 13 ədəd nəqliyyat vasitəsi, 18300 manatlıq qarışıq mallar, 124855 manatlıq pirotexniki vasitələr, 90174 manatlıq qızıl məmulatı, 26104 manatlıq 27 kq 955 qram balıq kürüsü, 43,5 kq barıt, 50 ədəd patron, 1 ədəd qaz balonu və 12 ədəd bıçaqdan ibarət olmuşdur. 2015-ci il ərzində İstintaq İdarəsinin icraatında olan 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında, ümumilikdə 97 kq 998,049 qram narkotik vasitə və psixotrop maddənin məhv edilməsi təmin edilibdir. Hazırda İstintaq İdarəsinin icraatında olan cinayət işləri üzrə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunması, habelə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsi istiqamətində cinayətlərin istintaqı davam etdirilir və cinayətlərin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər