PDF Oxu

Sosial

  • 25

Erkən nikahın acı fəsadları

Erkən nikahın acı fəsadları

Erkən nikah gənclərin ali təhsil almalarına mənfi təsir edir

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət-gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həyata keçirilir. Qanuna əsasən, Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı", İstedadlı gənclərə dövlət qayğısı", "Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı", "Gənclərin məşğulluğunun təmin edilməsi", "Gənc ailələrə dövlət yardımı", Gənclər təşkilatlarına dövlət yardımı və digər bu gimi müddəalar Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmağa imkan verir. Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev xalqın cağrışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi ilk islahatlardan biri də gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilərək həyata keçirilməsi olmuşdur. Bu baxımdan demək olar ki, ölkəmizdə dövlət-gənclər siyasətinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ-hüquqi aktlar, habelə, Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb və 2 fevral 1996-cı ildə Onun təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.

1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli surətdə qeyd olunur. Bu gün də Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

"Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir" deyən Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının Fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir.

Süni problemlərdən qurtulmağın yolları araşdırılır

Açıq və tam əminliklə demək olar ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Amma razılaşmaq lazımdır ki, bəzən gənclər düşünmədən, əksər hallarda isə valideynləri ilə məsləhətləşmədən addımlar atırlar ki, bu da sonda onların, ümumilikdə isə cəmiyyət üçün problemlərin yaranmasına gətirib çıxarır. Bu günkü reallıqlara və üzə çıxan faktlara əsasən demək olar ki, erkən nikaha daxil olamaq cəmiyyətimiz üçün həlli çətin görünən problemlərdəndir. Məlum faktdır ki, erkən nikaha daxil olub, onun acı nəticələrilə yaşayanlar az deyil. Bu cür evliliklərin sonu nadir halda xoşbəxtliklə bitsə də, çox vaxt tərəflərin boşanması ilə nəticələnir.

Dində də qızların erkən yaşda ərə verilməsi birmənalı qarşılanmır. Mövcud dini qaydalara görə qız nikaha daxil olanadək təhsil almalı, ailə həyatına həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıdır. Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 15,4 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı analar tərəfindən 2 855, 2014-cü ildə isə 3296 uşaq dünyaya gəlib. Əvvəlki illərdə olduğu kimi, ötən il də bu yaşda dünyaya gələn uşaqların çoxu kənd yerlərinin payına düşüb. 2014-cü ildə 1054 uşaq şəhər, 2242 uşaq isə kənd yerlərində doğulub.

Qanuna görə, Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisna hallarda nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər və tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. 15 yaşlı qızın ailə qurması və ana olması qanunvericiliklə ziddiyyət təşkil edir. Buna baxmayaraq, ölkədə azyaşlı anaların sayı durmadan artır. Bu halların qarşısını almaq üçün iki istiqamətdə iş aparılmalıdır. Birinci, erkən nikahla bağlı aparılan işlərin gücləndirilməsi, ikinci isə assosial ailələrlə sosial iş aparılması çox vacib şərtdir. Erkən nikah halları bütün regionlar üçün xarakterikdir. Hansısa rayonu və ya bölgəni bu ağrılı məsələdə əsas sahə kimi qeyd etmək düzgün sayılmaz. Bunu regionlar üzrə aparılan araşdırmalalar, stastik nəticələr də təsdiqləyir. Belə ki, 2015-ci ildə yalnız şimal bölgəsi üzrə 12, Aran və Gəncəbasar zonası üzrə 13 faiz təşkil edirdisə, bu göstərici cənub bölgəsində 10,5 faiz olub. Halbuki bəzi yazarlar erkən nikah hallarına daha cox cənub bölgəsində rast gəlindiyini yazırlar. Bu baxımdan demək olar ki, erkən nikah ümumi cəmiyyət üçün yerindən və əhatə dairəsindən asılı olmayaraq, rast gəlinən problemlərdəndir.

Erkən nikah gənclərin ali təhsil almasına mənfi təsir edir

Keçirdiyi mətbuat konfranslarının birində TQDK sədri Məleykə Abbaszadə qızların tez ailə qurmalarının ali təhsil almalarına səbəb olduğunu bildirib: "Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i qızlardır". Bu kimi faktlar ciddi faktlar olduğundan ictimai dəstək hesabına bu problemin həllinə ehtiyac var. Ailə Məcəlləsi 18 yaşına çatmayan şəxsləri uşaq hesab edir. Bu, həmçinin "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Yəqin, biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq, nəinki onların, hətta valideynlərinin də ciddi qınağına tuş gələrik. Söz oyunu kimi görsənsə də, məcəllədəki iki maddənin tutuşdurmasından çıxan nəticə ortadadır: Azərbaycanda uşaqların (yetkinlik yaşına çatmayanların) ailə qurmalarına qanun icazə verir. Bu isə, öz növbəsində, tərəfdaş çıxdığımız beynəlxalq qanunvericiliklə ölkə qanunları arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Belə ki, qeyd-şərtsiz şəkildə ratifikasiya etdiyimiz "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın 16.2-ci maddəsində "Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil..." müddəası əks olunub. Nikah yaşının aşağılığı, özəlliklə kişi və qadınlar üçün onun fərqli olmasını zaman-zaman beynəlxalq təşkilatlar insan hüquqları baxımından mənfi qiymətləndiriblər. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-büluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir. Nikahda iki tərəf - kişi və qadın iştirak etsə də, "erkən nikah" dedikdə, beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Bir sözlə, yuxarıda da qeyd etdiyim kimi bu ağrılı məsələ bu gün köklü həllini labüd edir. Ən azı sağlam həyat, gözəl gələcəyimiz naminə.

İ.ƏLİYEV

Digər xəbərlər