PDF Oxu

Sosial

  • 27

Azərbaycan hökuməti 4 illik qənaət rejiminə keçmək niyyətindədir

Azərbaycan hökuməti 4 illik qənaət rejiminə keçmək niyyətindədir

Qənaət rejiminə keçid ölkə iqtisadiyyatına nə vəd edir?

Yanvar ayının 10-da ölkə başçısı İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov çıxışı zamanı bildirib ki, neftin getdikcə ucuzlaşması, Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir: "Struktur islahatların aparılmasını və fəaliyyət göstərən nazirlik və dövlət qurumlarının sayının təxminən iki dəfə azaldılmasını təklif edirik. Azərbaycan hökuməti "4 illik qənaət rejimi"nə keçmək niyyətindədir".

Nazir çıxışında dövlət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, bu il də daxil olmaqla qarşıdakı 4 ildə ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır. Maliyyə naziri qeyd edib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlətidarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.

Vüqar Bayramov: "Bu da təbii ki, iqtisadiyyatın qənaət rejimi yalnız vəsaitin qənaət edilməsi baxımından deyil, iqtisadiyyatın inkişafının stimullaşdırılması baxımından vacibdir"

Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, qənaət rejiminə keçilməsi vacibdir: "Azərbaycan qənaət rejiminə xeyli öncədən keçməli idi. Çünki vəsaitlərin qənaət edilməsi indiki məqamda Azərbaycan üçün olduqca vacibdir. Nəzərə alsaq ki, daxilolmalarda azalmalar var. Təbii ki, Azərbaycanın ümumdaxili məhsulu dollar ifadəsində iki dəfə azalıb. Ona görə də çox vacibdir ki, qənaət rejiminə keçməklə vəsaitlərə qənaət etmək mümkün olsun. Bu da təbii ki, iqtisadiyyatın qənaət rejimi yalnız vəsaitin qənaət edilməsi baxımından deyil, iqtisadiyyatın inkişafının stimullaşdırılması baxımından vacibdir. Təbii ki, bu proses sürətlənməlidir. Daha qısa zamanda bunun həyata keçirilməsinə ehtiyac var. Biz struktur islahatların aparılmasını təklif edirik. İqtisadi və sosial inkişaf mərkəzi olaraq 2011-ci ildə hazırladığımız konsepsiyada struktur islahatların aparılmasını və bu gün fəaliyyət göstərən nazirlik və dövlət qurumlarının sayının təxminən iki dəfə azaldılmasını təklif edirdik. Təbii ki, bu ona görə vacibdir ki, struktur dəyişikliklərin aparılması dövlət idarəetmə üzrə qurumlarının sayının azaldılması qənaətə imkan verəcək. Bu, qənaətə imkan verməklə yanaşı, eyni zamanda imkan verəcək ki, iqtisadiyyatı daha çevik şəkildə idarə etmək mümkün olsun. İslahatların davam etdirilməsi baxımından iqtisadiyyatın çevik idarə edilməsi olduqca vacibdir. Ona görə də təbii ki, çevik idarəetmə baxımından sosial islahatların aparılmasını təklif edirik. Dövlət qurumlarında vəsaitlərin həcminin azaldılmasına ehtiyac var. Dövlət qurumları, xüsusən xidməti maşınların sayının azalması, xidməti maşınların məbləğinə limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Çox təəssüf ki, kifayət qədər bahalı xidməti maşınlar var. Onların sayının azaldılması vacibdir. Bu baxımdan biz birmənalı şəkildə sosial islahatları və dövlət idarəetmə strukturunun çevikliyinin və şəffaflığının tərəfdarıyıq. Güman edirəm ki, bu istiqamətdə aparılan islahatlar həm qənaət rejiminə imkan verəcək, həm də imkan verəcək ki, islahatları aparmaq üçün çevik idarəetmə strukturuna malik ola bilək". İqtisadçı növbəti dörd ildə manatın məzənnəsinin yüksələcəyinin gözlənilmədiyini bildirdi: "Neftin qiymətinin artacağı gözlənilmir. Manatın məzənnəsinin qorunub saxlanması, eyni zamanda manatın məzənnəsinin təzədən azalmasının yeganə yolu təbii ki, ölkəyə daxil olan valyutanın həcminin artırılmasından ibarətdir. Bu da qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Ona görə dörd illik qənaət rejimi həm də bizə mesajdır ki, növbəti dörd ildə neftin qiymətinin yüksələcəyinə əmin deyilik. Əmin olmadığımız üçün də dörd illik qənaət rejimi başlayacaq".

R.HÜSEYNOVA

Digər xəbərlər