Azərbaycan Prezidentinin Sərəncamı ilə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması ölkəmizlə təşkilat arasında münasibətlərin yüksələn xətlə inkişafda olduğunu göstərir
Müstəqillik əldə etmiş Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də İSESKO-dur. 1991-ci ildə qurulmuş bu münasibətlər son on ildə daha da yüksəlmişdir. İSESKO-nun Baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransı, "Mədəniyyətlərarası dialoqda qadınların rolu" forumu, İslam Ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı, "Bakı - islam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət İlinin açılış mərasimi, İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər belə tədbirlər elmi-mədəni əlaqələrinin inkişaf etdirilməsində, bugünkü yüksək səviyyəyə çatdırılmasında əhəmiyyətlidir.
Vurğulayaq ki, Azərbaycanın beynəlxalq arenada elmi-mədəni münasibətlərinin yüksək templə inkişafı Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. Onun Azərbaycanın islam dünyası ilə mədəni münasibətlərinin formalaşmasına verdiyi töhfə İSESKO-nun xoşməramlı missiyasına əhəmiyyətli təsir göstərmiş və çox keçmədən bu xidmətlər rəsmi statusa layiq görülmüşdür. Belə ki, 2006-cı il noyabrın 23-də Mehriban Əliyeva İSESKO-nun xoşməramlı səfiri seçilmişdir. Beləliklə, bununla da İSESKO-nun tarixində ilk qadın xoşməramlı səfir dərəcəsi Azərbaycanın Birinci Xanımına təqdim olunmuşdur.
Qloballaşma fonunda islam mədəni dəyərlərinin qorunması məqsədilə 2006-cı il sentyabrın 11-də İƏT turizm nazirlərinin Bakıda baş tutan 5-ci sessiyası zamanı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İSESKO arasında imzalanmış əməkdaşlıq protokolu tərəflər arasında mütəxəssis və informasiya mübadiləsini, İSESKO-nun qərargahında Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycan Respublikasında isə İSESKO həftəsinin keçirilməsini, teatr və konsert qastrollarının və incəsənət sərgilərinin təşkilini, mədəni turizm, mədəni sənaye və kinematoqrafiyanın qarşılıqlı surətdə inkişaf etdirilməsini nəzərdə tuturdu.
2007-ci il aprelin 27-də Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən bu protokol elm, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tuturdu. Sənədin imzalanması Azərbaycan-İƏT mədəni əməkdaşlığı baxımından kifayət qədər əhəmiyyət kəsb edən hadisə olmuş və ikitərəfli əlaqələrin inkişafına təkan vermişdir. Bunun ardınca Mərakeşin paytaxtı Rabatda, İSESKO-nun baş qərargahında Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Tədbir çərçivəsində islam dünyasının fəal üzvü olan Azərbaycanın çoxəsrlik tarixində mövcud olmuş və hazırda da inkişaf etməkdə olan mədəniyyətini və incəsənətini, elmini və ədəbiyyatını əhatə edən maddi mədəniyyət nümunələri İƏT dövlətlərindən gəlmiş qonaqların marağına səbəb olmuşdur.
YUNESKO, İSESKO və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumu müsəlman qadınına islamın verdiyi yüksək dəyərlə yanaşı, bugünkü sivil cəmiyyətin inkişafında qadınların xüsusi rolunun olduğunu bir daha bütün dünyaya göstərmişdir.
İSESKO-nun Azərbaycanda təhsilin və mədəniyyətin inkişafının dəstəklənməsi istiqamətində təhsil və mədəniyyət nazirlikləri, xüsusilə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2008-ci il oktyabrın 6-8-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda islam ölkələri ali təhsil və elmi-tədqiqat nazirlərinin 6-cı konfransı keçirilmişdir. Bu tədbir bütün müsəlman dünyasının tanınmış elm və təhsil işçilərinin, eləcə də bütün dünyanın nəzərini özünə cəlb etmişdir.
Respublikanın mədəni həyatında əlamətdar olması ilə yaddaqalan ən mühüm hadisə isə Bakının islam dünyasına məxsusluğunu bir daha sübut edən tədbirin gerçəkləşməsi ilə baş verdi. Liviyanın Tripoli şəhərində keçirilən mədəniyyət nazirlərinin 5-ci konfransında Bakı şəhəri 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan olundu və İƏT mədəniyyət nazirlərinin növbəti 6-cı konfransının Bakıda keçirilməsi qərara alındı. Bu səbəbdən 2009-cu il fevral ayının 18-də "Bakı - islam mədəniyyətinin paytaxtı" adlı mədəniyyət ilinin təntənəli açılışı baş tutdu.
Bu təşkilatla Azərbaycan arasında əlaqələr davamlıdır. 2015-ci ilin 18-19 may tarixlərində İSESCO-nun Baş direktoru Ə.O.əl-Tuveycri Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, eləcə də "Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasimində iştirakı bunu bir daha təsdiqləyir. 2015-ci ilin 23-24 noyabr tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 36-cı sessiyasının Bakıda keçirildi və Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası və ISESCO arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə İSESCO-nun Baş direktoru Ə.O. əl-Tuveycri "Dostluq" ordeni ilə təltif edildi. 26-27 noyabr 2015-ci il tarixlərində isə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı Bakıda keçirildi. Bütün bu və ya digər tədbirlər İSESKO ilə Azərbaycan arasında əlaqələri daha da sıxlaşdırır və bu münasibətlərin davamlığı töhfəsini vermiş olur.
Ötən gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncamı ölkəmizlə təşkilat arasında münasibətlərin daha yüksələn xətlə inkişafda olduğunu göstərir. Sərəncamda qeyd olunur ki, ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdir. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə islam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Ölkəmizdə keçirilən tədbirlər, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı bir daha göstərir ki, ölkəmiz dünyaya açıqdır və mədəniyyətlərarası dialoq məkanı kimi Azərbaycan modeli özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələri ilə diqqəti özünə cəlb edir.
NƏZAKƏT