Dünən YAP Yevlax rayon təşkilatı və rayon təhsil şöbəsi ilə birgə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirib. Tədbir iştarakçıları adından bir qrup gənc əvvəlcə Yevlax şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sonra YAP Yevlax rayon təşkilatının qərargahında keçirilən tədbir 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir: "Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olub. Belə ki, Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu Öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib".
Anım mərasimindən sonra 20 Yanvar faciəsisnin iştirakçısı Niyaz Hüseynov baş vermiş qətliam haqqında gördükləri hadisələri olduğu kimi diqqətə çatdırdı. Onlar da, öz növbələrində 20 Yanvar faciəsinə Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndirdilər.
Sonra Ümumşəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Tacir Əsgərov öz inşasını oxudu.
Sonda inşa və rəsm müsabiqəsinin qalibləri YAP Yevlax rayon təşkilatı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırıldı.
Tədbirdə iştirak edən 70 nəfərə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən bukletlər paylandı.
R.HÜSEYNOVA