20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar BMİ Sabunçu Rayon Mühafizə İdarəsində tədbir keçirildi. 20 Yanvar faciəsini əks etdirən fotostendlərə baxış keçirildikdən sonra tədbir idarənin akt zalında davam etdirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra idarə rəisi, polis polkovniki Əşrəf Allahyarov çıxış edərək bildirdi ki, sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması ilə nəticələnən, xalqımızın azadlıq, müstəqilik istəyinə qarşı yönələn bu qətliam tariximizə "Qara Yanvar" qanlı faciə kimi kimi qanla yazılsa da, əslində, bu, millətimizin qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, o, min illər boyu ruhunda- qanında daşıdığı azadlıq istəyinə, bağımsızlığına, milli kimliyinə, kökəninə, dünəninə, sabahına sadiqdir və onun qarşısını soyqırımlar, qətliamlar, facilər kəsə bilməz. Qeyd olundu ki, 26 il keçsə də insanların yaddaşında əbədi iz qoymuş və ötən əsrin ən qanlı terror aktlarından biri olan, Azərbaycan xalqına qarşı törədilmiş bu qatı cinayət, əslində bütün bəşəriyyətə, ümumilikdə insanlığa qarşı həyata keçirilib. Əşrəf Allahyarov həmin faciənin səhəri günü Ümummilli Liderimiz Heydər Əliyevin öz həyatını təhlükəyə atıb respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının hələ o zaman xüsusi əhəmiyyətini qeyd edib və Azərbaycan müstəqillik əldə etdikdən sonra 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində Ulu Öndərimiz Heydər Əliyevin əvəzsiz rolunu vurğuladı. İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli keçən illər ərzində bu yaranın, bu dəhşətin insanların yaddaşından silinmədiyini, onun xalqımızın şərəf günü kimi dərsliklərə salındığını, həmin gün şəhid, əlil olan və itkin düşən insanların əziz xatirəsinin hər bir azərbaycanlı tərəfindən qururla anıldığını, Vətənin mərd övladlarının canlarından keçib şəhidlik zirvəsinə ucalaraq Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinə xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdiyini qeyd etdi. Sonra çıxış edənlər 20 yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz tərəfindən daim əziz tutulduğunu, onların ailələrinə maddi və mənəvi yardımın göstərildiyini diqqətə çatdırdılar.
Daha sonra tədbirə yekun vuran polis polkovniki Əşrəf Allahyarov təkcə 20 Yanvar faciəsinin deyil, bütün tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün möhtərəm Prezidentimiz İlham Əliyevin səylərini əsirgəmədiyini, bu istiqamətdə gərəkli addımların atıldığını diqqətə çatdıraraq bu gün hər bir azərbaycanlının, xüsusilə gənclərin daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini bildirdi.
Hafiz Təmirov,
polis kapitanı