PDF Oxu

Sosial

  • 27

20 yanvar

20 yanvar

(Xalqın oyanış günü)

Bu gün - 20 yanvar - şəhidi anma günü,

İstiqlala çağırış - xalqın oyanma günü,

İmperiya önündə xalqın dayanma günü,

Azadlıq günəşinin qəlblərdə yanma günü.

Qızıl qanla yazıldı o günkü tariximiz,

O gün qəmə büründü torpaq, səma, çay, dəniz.

Günəş də xəcalətdən girdi bulud dalına,

Ulduzlar qatarlanıb çıxammadı yoluna.

Dan ulduzu ilişib qalmışdı göy üzündə,

Günəş çıxa bilmirdi buludların dalından.

Ay buluda bürünüb dustaq etmiş özün də,

Ulduzlar da sönmüşdü ulduz kəhkəşanında.

Şəhid olan kəslərin sönmüşdü ulduzları,

Göylərə bülənd idi ah-naləsi qızların.

Analar ağı deyib göylərə yas tuturdu,

Ulduzlar çaş-baş düşüb itirmişdi özlərin.

Divarlar güllədən pətək-pətəkdi,

Bakı dərd əlindən nalələr çəkdi.

Büründü al rəngə hər tərəf, hər yan,

Qərənfil örtüyün örtdü yol, dalan.

Düşmən gözlərini yandırmaq üçün,

Qərənfil yağışı yağdı harda qan.

Tarixin özünü qandırmaq üçün,

Doğuldu o gecə yüzlərlə oğlan.

Kükrəyirdi, daşırdı millətin hövsələsi,

Azadlıq məramıyla ucalırdı haqq səsi.

Ürəklər bir vururdu, xalqın birlik həvəsi,

Yaradırdı qəlblərdə istiqlal təranəsi.

Xalq oyanıb qalxırdı, birləşirdi ürəklər,

Qəlblərə nur saçırdı arzular, həm diləklər.

Məram bir idi ancaq, - yetişmək istiqlala,

Çatmaq səadət dolu ülvi, təmiz amala.

Küçələr boyanıb olmuşdu al qan,

Sınağa çəkmişdi sanki Yaradan.

Bir ömür yaşadıq o gecə hər an,

O gecə oyandı qalxdı Azərbaycan.

Allah silkələdi şüur, zəkanı,

Anlatdı: - Ey millət, özünü tanı.

Özünü tanıyan millət xalq olur,

Gün doğur bəxtinə, təmtəraq olur.

Xalq olan yaradır varı, sərvəti,

Yaradır birliyi, qürur dövləti.

İstiqlal marşını çalanda dövran,

Vətən xoşbəxt olur ömür firavan!

Aydın İsmayılov,

Təqaüdçü-mühəndis,

Sumqayıt şəhəri

Digər xəbərlər