Dünən YAP İsmayıllı rayonu təşkilatı qadınlar şurası Gəndov kənd məktəbində tədbir keçirib. İlk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının qadınlar şurasının sədri Xuraman Qurbanova qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil: "Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir". O bildirib ki, Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatının qarşısını almaq istəyən keçmiş SSRİ rəhbərliyi məhz 20 yanvar tarixində insanlığa qarşı ən ağır cinayətlərdən birini törədib. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Xalqın bu ağır günlərində, yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bəyan edib, 20 Yanvar faciəsinə siyasi qiymət verib. Ulu Öndər hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib.
Tədbirdə iştirak edən YAP fəalları Elnarə Əlizadə, Vüsalə Zeynalova, İlhamə Mursəlova və başqaları çıxış edərək qeyd ediblər ki, bu il xalqımız 20 yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Tədbirin sonunda Qarabağ şəhidlərinin məzarları ziyarət olunub.
ZÜMRÜD