YAP Səbail rayon təşkilatı
Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Səbail rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub. YAP Səbail rayon təşkilatında baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və gənclər faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Tədbirdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Anım mərasimində YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olmuş ən qanlı faciələrdəndir. Millət vəkili 26 il əvvəl rus imperiyasının Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq, bu faciəyə ilk hüquqi qiyməti məhz Ulu Öndər Heydər Əliyev verdiyini bildirib: "SSRİ-nin o zamankı rəhbəri M.Qarbaçov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində 24:00-da komendant saatının elan olunması barədə sənəd imzalansa da, əhaliyə bu məlumat bildirilməmişdi və gecə artıq şəhərdə qırğınlar başlanmışdı. Dövlət Televiziya və Radiosunun yayım blokunun partladılması da təsadüfü deyildi. Bununla onlar Azərbaycanın səsini boğmağa çalışırdılar. Xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə olundu, dinc əhaliyə qarşı qəddarcasına rəftar edildi. Məqsəd xalqın milli ruhunu sındırmağa və daha sonrakı məqamda ermənilərin ərazi iddialarını təmin edəcək milli münaqişələri qızışdırmağa, dövlətin idarəçiliyində xaos yaradılmasına yönəlmişdi. 20 Yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Bu akt dövlətin öz xalqına qarşı həyata keçirdiyi terror aktı idi və buna görə öz xalqı qarşısında nüfuz və etibarını itirdi. 20 Yanvar hadisələrinə Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova öz etirazını bildirmişdi. Lakin hadisələrə tam dolğun siyasi qiymətin verilməsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. Dahi Lider bu hadisələrə ilk etiraz səsini ucaldan oldu".
Rayon təşkilatının sədri, həmçinin onu da əlavə edərək vurğulayıb ki, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır, onlara verilən təqaüd və müavinətlər mütəmadi olaraq yüksəldilir.
Anım mərasimində digər çıxış edənlər bildiriblər ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri qəhrəmanlıq nümunəsi kimi daim yaddaşlarımızda qalacaq, əziz xatirələri ehtiramla anılacaq.
YAP GƏNCLƏR BİRLİYİ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ ANIRLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirib. Anım tədbirində Azərbaycan bayrağını əllərində tutmuş gənclər "Əbədi Məşəl" önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dünyaya bəyan ediblər.
Gənclər şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edərək, məzarları üzərinə qərənfillər düzüblər.
Tədbirdə YAP-ın Bakı şəhərindən olan 300-ə qədər gənci iştirak edib.
YAP YASAMAL RAYON TƏŞKİLATI
YAP Yasamal rayon təşkilatı gənclər birliyi 20 Yanvar faciəsinə həsr olunmuç dəyirmi masa keçirib. Tədbirdə çıxış edən YAP Yasamal GB sədri Bəxtiyar Nəbiyev 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib, xalqımızın başına gətirilən faciənin mahiyyətin gənclərə çatdirıb. Daha sonra çıxış edən Azərbaycan Mədəniyyət və İncəsənət Unversitetinin professoru Rafiq Sadiqov gənclərə tarıxımız, başımıza gələn tarixi hadisələr və müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixi yol haqqında danışıb. Sonda gənclər 20 Yanvar faciəsi haqqında öz fikirlərini səsələndiriblər.
YAP Samux rayon təşkilatı
YAP Samux rayon təşkilatı "20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" movzusunda elmi-prektik konfrans keçirib. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konfransda cıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 20 Yanvar faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu və eyni zamanda yeni tariximizə bir qürur, məğrurluq günü kimi daxil olduğunu qeyd edib: "Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 Yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib".
Rayon təşkilatının gənclər birliyinin üzvləri Şəhla Abdullayeva, Nurlana Kazımova, Günay İsmayılova, Rəşid Şabanov və başqaları çıxış edərək, qeyd ediblər ki, bu gün biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla azərbaycançılıq ideologiyasına sadiq olduğumuzu, sülhsevərlik və humanist dəyərlərimizlə dünyaya töhfə verdiyimizi təsdiqləyirik. 20 Yanvar Azərbaycanda təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edilməlidir.
Ü.ƏSGƏROV