20 Yanvar hadisələri və onunla bağlı proseslərə, azadlıq yolunun şəhidlərinə, fəal mübarizələrinə münasibət elə bir milli sınaq meyarıdır ki, onu xalqımız əbədi yaşatmağa borcludur. 26 il bundan əvvəl o müdhiş gecədə Azərbaycan xalqı imperiyanın amansız ordusu ilə üz-üzə gəldi, öz mübarizliyini, azadlıq duyğularını bir daha təsdiq etdi. Azərbaycan xalqı necə də bütövləşmişdi, uzun illər əsarətində olduğu imperiyaya meydan oxuyurdu.
Bu tarix yaddaşlarda təkcə faciə kimi deyil, tariximizin şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunmalıdır. O gün şəhidlərimiz öz qanları ilə azadlıq, müstəqillik toxumlarını daha da cücərtdilər. Nəhəng imperiya xalqımızın sonsuz müstəqillik istəyinin qarşısında diz çökdü. Azərbaycan gəncliyi 20 Yanvar gününün tarixi əhəmiyyətini dərk edir, onun əzəmətini duyaraq müstəqil Azərbaycan dövlətinin güclənməsi yolunda tükənməz səylə çalışırlar.
Elvin Aslanov- Azərbaycan Tələbələr Birliyinin sədri:
- 20 Yanvar hadisələri Azərbaycan müstəqillik tarixinin başlanğıc nöqtəsi sayılır. Belə ki, bu dövrdən sonra xalqımızda milli mənlik şüuru, müstəqillik ruhu daha da çoxalıb. 20 Yanvar şəhidləri tək ölkəmiz üçün müstəqillik qazanmayıblar, onlar, həmçinin, Azərbaycan xalqı və ən əsası gənclik üçün bir nümunə rolu oynayıblar. Belə ki, gəncliyimiz bir insanın müstəqillik üçün canından keçməsinin nə dərəcədə şərəfli bir iş olduğunu 20 Yanvar şəhidlərinin timsalında görüb. Burada Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi barəsində Fərmanını xüsusi qeyd etmək lazımdır. Ümummilli Lider bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş hər bir insan xalqımız, millətimiz və dövlətimiz üçün ən ülvi dəyərlər sırasındadır. Təbiidir ki, bu da Azərbaycan gəncliyində bir stimul formalaşdırır. Gənclərimiz başa düşürlər ki, onların ən əsas məqsədi dövlətçiliyimizin qorunub saxlanması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu yolda hər bir gənc Ali Baş Komandanın əmrlərini gözləyir. Biz gənclər hər zaman 20 Yanvar şəhidlərinin xatirəsini xüsusi ehtiramla yad edirik. Ölkəmizi gələn hər bir xarici qonağın dəvət edildiyi ilk məkan təbiidir ki, Şəhidlər Xiyabanıdır. Burada əsas məqsədimiz tariximizi unutmamaq və digər insanlara müstəqilliyimizin bərpası yolunda nələrdən keçdiyimizi göstərməkdir. Cənab Prezident İlham Əliyev də ölkəyə rəhbərliyi dövründə 20 Yanvar hadisələrinə xüsusi önəm vermişdir. Hər il 20 Yanvar tarixində Şəhidlər Xiyabanının ziyarət edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqətin göstərilməsi də bunun bir təzahürüdür. Mən gənclər adından onu söyləyə bilərəm ki, Azərbaycan durduqca 20 Yanvar hadisələri və 20 Yanvar şəhidləri xalqımızın qəlbindən silinməyəcəkdir.
Aytəkin Nuriyeva- gənc hüquqşünas:
- 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışından sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə Qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Biz gənclər bu tarixi heç zaman unutmayacağıq və bizdən sonrakı nəsillərə də çatdırmağı özümüzə mənəvi borc bilirik.
Nicat Kərimov- Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri:
- Azərbaycan xalqı 20 Yanvar faciəsinin 26-cı il dönümünü qeyd edir. Bu faciə Azərbaycan xalqının mərdliyini, rəşadətini, azadlıq eşqini və vətən uğrunda mübarizliyini təzahür etdirir. SSRİ-nin o vaxtki rəhbərliyi insanlığa sıxmayan qərarı ilə dinc sakinlərə, qadın, uşaq və qocalara qarşı silah tətbiq etdi. Nə qədər insan öz həyatını itirdi. Onlar vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucaldılar. Mən düşünürəm ki, məhz Azərbaycan xalqının mübarizliyi və artıq imperialist yaşam şərtlərinin qəbul etməməsi SSRİ-nin dağılmasının əsas faktor oldu. Hələ o zaman bu qanlı faciəyə Ümummili Liderimiz Heydər Əliyev öz münasibətini bildirdi. O, Moskvada olarkən heç nədən çəkinmədən SSRİ rəhbərliyini tənqid elədə və bu cinayəti pislədi. Bu günlər çox sevindirici haldır ki, gənclərimiz Azərbaycanın müstəqilliyinin nəyin hesabına əldə olunduğunu çox gözəl anlayır və müstəqil, inkişaf etmiş ölkə kimi dövlətimizin maraqlarını daim müdafiə edirlər. Yeni nəsil də tariximizi yaxından öyrənir. Mən Azərbaycan xalqının başına gələn qanlı faciələr zamanı həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diliyirəm və hesab edirəm ki, biz Azərbaycan gəncləri bu gün ölkəmizdə əldə olunan uğurları qorumalıyıq, dövlətimizin, vətənimizin qədrini bilməliyik və həmişə onun müdafiəsi üçün canımızdan belə keçməyə hazır olmalıyıq.
Təbriz Raufoğlu- "Prezident təqaüdçüsü", Gənclər Birliyinin sədri:
- "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən Bakıda törədilən qırğın Azərbaycan xalqının səsini boğmaq, müstəqillik əzmini qurmaq məqsədi güdürdü. Həmin gün yüzlərlə Azərbaycan vətəndaşı, Bakı sakini qanına qəltan edildi. Amma 20 Yanvarda Bakıda həyata keçirilən qırğın xalqın iradəsini qıra bilmədi. Hesab edirəm ki, Azərbaycanın 1991-ci ilin 18 oktyabrında rəsmən qazandığı müstəqil dövlət statusu 20 Yanvar hadisələri ilə bilavasitə əlaqəlidir. Xalq şairi Bəxtiyar Vahabzadənin də ifadə etdiyi kimi, 20 Yanvar şəhidləri həmin gecə Azərbaycan xalqının azadlığının və Azərbaycan dövlətinin müstəqilliyinin toxumlarını əkdi. Ona görə də biz gənclər 20 Yanvarı unutmamalı, o gün şəhid olan bacılarımızın, qardaşlarımızın, övladlarımızın əziz xatirəsini həmişə uca tutmalıyıq.
Kənan Kərimov- YAP Suraxanı rayon gənclər birliyinin sədri:
- Sovet rejiminin anti-Azərbaycan münasibətinə xalq öz etirazını bildirdi. Bunu görən sovet hökuməti Azərbaycanda insanların azadlıq səsini elə öz beşiyindəcə boğmaq qərarına gəldi və 1990-cı il Yanvarın 20-də ölkəmizə təpədən-dırnağadək silahlanmış qoşun yeritdi. Meydanlarda öz azadlıqlarını qoruyanlar isə tam əliyalın idi. Sovet rəhbərləri xalqa qarşı amansiz münasibət göstərərək, tarixdə misli görünməmiş vəhşilik aktını törətdi. Minlərlə insanı - qoca, uşaq bilmədən amansiz bir vəhşiliklə qətlə yetirdilər. Ancaq xalq geri çəkilmədi. Ancaq o zaman xalqın başında duran bəzi rəhbərlərin aşırı köləlik sevdası müstəqilliyimizi ləngidirdi. Buna baxmayaraq, xalqını sevən mərd oğullarımız da var idi. Onlardan biri, hətta deyərdim vətəninin əsl oğlu olan Heydər Əliyev digərlərindən fərqli olaraq, o zaman baş verən bu hadislərə görə tutduğu yuksək vəzifədən imtina edərək xalqının yanında olmağı daha üstün tutdu. Məhz onun qətiyyəti və güclü siyasti sayəsində millətimizə qarşı törədilən bu amansızlıq öz hüquqi qiymətini aldı. Bu gün xalqımızın azadlıq mübarizəsindən 26 il ötür. 26 il öncə əsarət altında olan xalq, ötən bu illər ərzində, güclü rəhbər sayəsində dünyada söz sahibi və müstəqil siyasət yürüdən bir ölkəyə çevrilib. Biz bu gün müstəqilliyimizə görə məhz həmin tarixə, həmin tarixdə canlarından keçən şəhidlərə borcluyuq. Biz həmin tarixdən sonrakı illərdə bizi dünya çapında güclü dövlətə çevirən rəhbərimizə borcluyuq.
Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, müstəqilliyimiz, azadlığımız yolunda canından keçmiş bütün vətən oğullarımız və qızlarımız qəlbimizdə daima yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin...
TOFİQ ABDULLA