TƏRS BAXIŞ
Və ya xalqın gözü tərəzidir!
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin keçirdiyi müşavirələrində dəfələrlə məmur özbaşınalıqlarına, korrupsiya və rüşvətxorluğa, eləcə də bu kimi digər neqativ amillərə toxunması, kəskin tənqidi fikirlər səsləndirməsi bir daha sübut edir ki, dövlət rəhbəri bu istiqamətdə qətiyyətli mövqe tutub. Xüsusilə, ictimai nəzarətin vacibliyi barədə əhəmiyyətli fikirlərini önə sürən ölkə başçısı qeyd edir ki, O, bununla bağlı mətbuatı da yaxından izləyir, ölkə daxilində gedən proseslərlə şəxsən maraqlanır. Yəni bu baxımdan, ictimai nəzarətin əsaslı və köklü mənbəyinin mətbuat olduğu kimsəyə sirr deyil. Ona görə də istər jurnalist, istərsə də adi vətəndaş kimi ictimai nəzarət kontekstində bizim də üzərimizə kifayət qədər məsuliyyət düşür.
Bu, bizim həm vətəndaşlıq, həm də ictimaiyyətçi borclarımızdan biri, bəlkə də birincisidir
Biz, mətbuat nümayəndələri olaraq tərəf tutmadan, reallıqları ictimai rəyə dolğun şəkildə çatdırmaqla Cənab Prezidentə yaxından dəstək olmalıyıq. Bu, bizim həm vətəndaşlıq, həm də ictimaiyyətçi borclarımızdan biri, bəlkə də birincisidir.
Söz yox ki, dünyanı bürüyən iqtisadi böhranın ölkəmizdən də yan keçməməsi anlaşılan faktordur. Halbuki Azərbaycan hələ 5-6 il öncə başlayan böhran zamanı bu çərçivədən kifayət qədər uğurla çıxıb və hazırkı məqamda müəyyən iqtisadi çətniliklər yaşamasına baxmayaraq, qarşıdakı yaxın dövrə inamla baxır. Daha dəqiq desək, dövlət iqtisadi böhrandan az zərərlə çıxmaqdan ötrü əsaslı layihələr üzərində işləyir.
Mövcud faktora diqqət yetirərkən, məbuatın dördüncü hakimiyyət funksiyası öz təsdiqini bir daha tapır
Fəqət, təəssüflər olsun ki, bir sıra məmurlar ölkə başçısının irəli sürdüyü fikirlərdən nəticə çıxarmaları yerinə, sözün həqqi mənasında, dövlətin yürütdüyü siyasətə qarşı çıxırlar. Oliqarxiya və s. tipli qeyri-qanuni çirkin vasitələrlə, ilk növbədə dövlətin və xalqın cibinə girən harınlar toplumu belə bir dövrdə ölkə iqtisadiyyatının inkişafına da xələl vurmuş olurlar.
Sirr deyil ki, ictimai rəy müəyyən vəzifələrdə işləyən və oliqarx kimi tanınan məmurların yüz minlərlə ölçülən korrupsiya əməlləri barədə məhz dövri mətbuat səhifələrindən məlumatlanmış olurlar. Zaman-zaman ictimailəşən bu kimi məlumatlar isə təbii ki, ölkə rəhbərliyinin də nəzarətində olur. Məhz mövcud faktora diqqət yetirərkən, məbuatın dördüncü hakimiyyət funksiyası öz təsdiqini bir daha tapır. Bu baxımdan, mətbuatın ictimai nəzarət funksiyasında aparıcı mövqedə dayanması özü-özlüyündə isbatlanmış olur.
Əgər belə olmasaydı, ölkə Prezidenti öz çıxışlarında bu məsələyə toxunmazdı
Bir neçə misal gətirək. Məsələn, dövlət strukturlarında fəaliyyət göstərən bəzi məmurların öz vəzifələrindən, dövlətin və ölkə başçısının etibarından sui-istifadə edib, xarici ölkələrdə bir neçə daşınmaz əmlaka malik olmaları, öz yaxınları vasitəsilə qanunsuz biznes sahələrinə baş vurmaları, maliyyə vəziyyətlərinin yaxşılaşdırılması üçün korrupsiya əməllərinə qurşanmaları kimi hallar media vasitəsilə işıqlandırılır. Əgər belə olmasaydı, ölkə Prezidenti öz çıxışlarında bu məsələyə toxunmazdı. Demək, dövlətimizin başçısı baş verən hər bir olaydan, hər bir informasiyadan məlumatlıdır və bununla bağlı qətiyyətli ölçülər qəbul götürür, öz çıxışlarında dəfələrlə bu məsələyə toxunur.
Təbii ki, mətbuat nümayəndələri olaraq, biz dövlətçilik amillərinə zərər vura biləcək istənilən hallara qarşı çıxmalı, bu məsələdə dövlətimizin yanında olmalıyıq.
Ölkə başçımızın yürütdüyü qətiyyətli siyasətinə birmənalı dəstək göstərməliyik!
Biz dəfələrlə radikal müxalifətin, bu müxalifətlə əlbir olan bir sıra "ictimai təşkilatların" dövlət maraqlarını sataraq, bundan külli miqdarda maddi vəsaitlər əldə etmələrindən yazmış, ortaya kifayət qədər sübutlar qoymuşuq.
Lakin bununla yanaşı, dövlətin daxilində, məmurlar sırasında dövlət maraqlarını satanlara, xəyanət edənlərə qarşı amansız mübarizə aparmaq ümdə vəzifə borclarımızdandır. Jurnalistin silahı onun qələmidir. Ancaq bu silahı istifadə edərkən elə etməliyik ki, xalqa dolğun, həqiqi məlumatlar çatdıraq. Çünki xalqın gözü tərəzidir və ictimai nəzarətin aparıcılıq funksiyası, ilk növbədə mətbuatın üzərinə düşürsə, sonrakı məqamda xalq da bu nəzarətin tərkib hissəsinə çevrilir.
Xalq öz dövlətinin yanındadır və öz dövlətinə inanır, etibar edir, arxalanır. Söz yox ki, dövlət də xalqın maraqlarını qoruyur, müdafiə edir, xalqa zərər vura biləcək istənilən maneəni aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görür. Ona görə də dövlətə dəstək vermək üçün, hər birimiz adi vətəndaş kimi ictimai nəzarətimizi daha da gücləndirməli, ölkə başçımızın yürütdüyü qətiyyətli siyasətinə birmənalı dəstək göstərməliyik!
Rövşən NURƏDDİNOĞLU